Belçikanın Antverpen Universitetindən olan mühəndislər komandası avtomatlaşdırılmış tərcüməçi hazırlayıblar. “Project Aslan” adlandırılmış robotun ilk versiyası 3D çap texnologiyasının köməyi ilə yaradılıb və mətni tərcümə edə bilir. Lakin istehsalçıların əsas məqsədi jest dilinin bütün çətinliyini çatdıran iki ələ və ifadəli üzə malik robot yaratmaqdır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, indi “Project Aslan” adlı robot şəbəkəyə qoşulmuş kompüterə birləşdirilmiş avtomatlaşdırılmış əl formasındadır. Robot əl istifadəçilər tərəfindən lokal şəbəkə üzrə göndərilən mətn mesajlarını jestlərlə ifadə edir. Hazırda robot tərəfindən istifadə olunan əlifba sistemində hər bir hərfə xüsusi jest uyğun gəlir.
Robot əli 3D-printerdə çap edilmiş 25 plastik detal, 16 servomühərrik, 3 ədəd kontroller və “Arduino Due” mikrokompüterindən ibarətdir. İstehsalçılar bildiriblər ki, bütün detalların çapına 139 saat, quraşdırılmaya isə 10 saat vaxt sərf olunur.
Onların məlumatına görə, jest dilinin avtomatlaşdırılmış tərcüməçisi eşitmə qüsuru olan insanın tərcüməçisiz qaldığı məkanda (məsələn, məhkəmə zalında) istifadə edilə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.