Kazuei Uçida: “Azərbaycanda yüksək texnologiyalarla bağlı tədbirlər, treninq və seminarlar keçirmək niyyətindəyik.”

23 Yanvar 2014 - 10:50 | Görüşlər

Bu fikirləri Tokio Boeki Texnologiyalar Şirkətinin (“Tokyo Boeki Technology Ltd”) prezidenti Kazuei Uçida AMEA Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə ilə keçirilən görüşdə səsləndirib. 

Bildirib ki, görüşün əsas məqsədi elm, təhsil və texnologiyaların transferi sahəsində əməkdaşlığın inkişafına töhfə verməkdir. Azərbaycanın elm məbədgahı ilə əməkdaşlıq iki ölkə arasında mövcud dostluq əlaqələrinin də möhkəmləndirilməsinə səbəb olacaq: “Məqsədimiz AMEA-nı təkcə avadanlıqla təmin etmək deyil, eyni zamanda mürəkkəb elmi-analitik cihazların seçimi, tətbiqi və istifadəsi üzrə mütəxəssislər yetişdirməkdir. Biz müxtəlif ölkələrdə elmi iclasların, konfransların, simpoziumların, görüşlərin, elm festivallarının və sərgilərin təşkili ilə əlaqədar layihələr həyata keçiririk. Sizdə də yüksək texnologiyalarla bağlı fərqli tədbirlər, treninq və seminarlar keçirmək niyyətindəyik. Sözügedən tədbirlərin reallaşdırılmasında iştirak edərək təcrübəmizlə bölüşmək arzusundayıq”. 

Şirkətin yaranma tarixi haqqında geniş məlumat verən qonaq bildirdi ki, 1947-ci ildə “Тokyo Boeki Shokai” adı altında yaranan “Tokyo Boeki Group” yüksək keyfiyyətli sənaye (energetika, maşınqayırma, metal istehsalı) və mürəkkəb elmi-analitik cihazlar istehsalı və satışı ilə tanınır. Şirkət JEOL, Nikon, Rigaku, Ulvac, Katsuragawa Electric, Yamato Scientific kimi tanınmış brend məhsullardan istifadə edir. 

Qeyd edək ki, hazırda şirkətin ultra-modern elektron mikroskopları AMEA-nın institut və təşkilatlarında, o cümlədən Azərbaycan Tibb Universitetində uğurla tətbiq edilir. Avadanlıqlardan istifadə qaydası da yaponiyalı mütəxəssislər tərəfindən həyata keçirilmişdir. 

AMEA prezidenti, akademik Akif Əlizadə Tokio Boeki Texnologiyalar Şirkətinin təkliflərini yüksək qiymətləndirdi: “Arzu edirik ki, sizin şirkətlə gələcək əməkdaşlıq əlaqələrimiz ölkələrimiz arasında “elm körpüsü” olsun. Azərbaycan qeyri-neft sektorunun, İKT-nin inkişafı üzrə regionda liderdir. Ölkəmizdə yeni texnoparklar yaradılır. Bizim dünya təcrübəsindən bəhrələnmiş alimlərimiz ölkəmizdə gedən innovativ texnoloji proseslərə hər zaman elmi dəstək verir”. 

Görüşdə, həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin bərqərar olması istiqamətində müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi.