Süni intellekt əməkdaşların məhsuldarlığına nəzarət edəcək

14 Avqust 2017 - 09:27 | Maraqlı məlumatlar
Süni intellekt əməkdaşların məhsuldarlığına nəzarət edəcək

İndiyədək süni intellekt insan üçün təhlükəli deyildi, əksinə faydalı və lazımi funksiyaları yerinə yetirirdi. Məsələn, “Go” oyununu yaxşı oynayırdı və ya xəstəliklərə diaqnoz qoymağı öyrənirdi. Lakin hər şey “Nintex” şirkətinin əməkdaşların məhsuldarlığına nəzarət üçün nəzərdə tutulmuş süni intellekt yaratması ilə dəyişdi.

hi-news.ru saytının məlumatına görə, “Hawkeye” (Qartal gözü) adlı proqram ofisdə olan hər kəsi izləyə bilir. Bu və ya digər əməkdaşın hansı tapşırıqları yerinə yetirdiyini, onun nə dərəcədə keyfiyyətlə və cəld işlədiyini nəzərə alır. Əməkdaşların məhsuldarlığının zamanla necə endiyinə və ya yüksəldiyinə nəzarət edir.

Proqram kiminsə işin öhdəsindən gəlmədiyini qeydə aldıqda həmin əməkdaşa iş qrafikini və onun bu qrafikə riayət etmədiyi haqda xəbərdarlığı göndərəcək. Əməkdaş onun qarşısına qoyulmuş tapşırıqlardan yayınarsa, “Hawkeye” bu haqda müdiriyyətə dərhal məlumat verəcək.

Artıq “xəbərçi”ni sınaqdan keçirən bir çox şirkətlər proqramın yüksək keyfiyyətə malik olduğunu qeyd ediblər. Çünki “Hawkeye” həm də onun kimi robotların hansı tapşırıqları yerinə yetirə biləcəyini müdiriyyətə bildirir. Bu, bir çox prosesləri avtomatlaşdırmağa və maddi vəsaitə qənaət etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.