AMEA İnformasiya Texnologiyaları İnstitututunda müvafiq sahədə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Gəncədə "Davamlı inkişaf və texnoloji innovasiyalar” konfransı çərçivəsində İKT sahəsində əməkdaşlığa dair keçirilən görüşlər də bu qəbildəndir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin verdiyi məlumata görə, Gəncənin Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru, professor Akif Süleymanovla görüş zamanı iki qurum arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Görüşdə prof. A.Süleymanova institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin ATU ilə bağlı arzu və təklifləri çatdırılıb. Həmçinin birgə konfrans və seminarların təşkili, innovativ layihələrdə iştirak, distant tədris və digər məsələlərlə bağlı əməkdaşlığa dair müzakirələr aparılıb.
Konfrans çərçivəsində, Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti, Kutaisi Dövlət Universiteti, Doğu Akdeniz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Qafqaz Universitetindən olan professor və müəllimlərlə də müxtəlif səpkili görüşlər keçirilib. İnstitut ilə müvafiq sahədə əməkdaşlıq perspektivləri, kadr və təcrübə mübadiləsi müzakirə olunub.
Dosent Ə.Əliyev görüş iştirakçılarına institutda AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması problemləri" layihəsi və onun yerinə yetirilməsi haqqında da ətraflı məlumat verib.