Çikaqo şəhərinin (ABŞ) polis idarəsi cinayətlərin proqnozlaşdırılması alqoritmindən hələ 2017-ci ilin başlanğıcında istifadə etməyə başlayıb. Bunun üçün təhlükəli rayonlar əlavə kamera və sensorlarla təchiz edilib, cinayətlərin proqnozlaşdırılması proqramı istifadəyə verilib.
hi-news.ru saytının məlumatında bildirilir ki, “ağıllı” alqoritmdən istifadə şəhərin müxtəlif rayonlarında törədilən ağır cinayətlərin sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Belə ki, Çikaqonun 7-ci rayonunda ötən il ilə müqayisədə atışmaların sayı 40 faiz, qətllərin sayı 33 faiz azalıb. Digər 3 rayonda isə atışma və qətllərin sayı orta hesabla 25 faiz azalıb.
Çikaqo polisinin istifadə etdiyi cinayətlərin proqnozlaşdırılması alqoritmləri sosial, iqtisadi məlumatları və hətta hava haqqında informasiyanı analiz edərək bir çox amilləri nəzərə alır. Bundan başqa, müşahidə kameralarından toplanmış məlumatlar da tətbiq edilir. Süni intellekt digər vasitələrdən də istifadə edir, cinayətkarlar və şübhəlilərin siyahılarını müntəzəm olaraq müqayisə edir. Atışma zamanı açılan atəşlərin təyini sistemi də işə cəlb edilib.
Sistemin işə salınmasına təxminən 1 milyon dollar xərclənib və artıq görünür ki, bu yatırım özünü tamamilə doğruldur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.