ABŞ-ın Karnegi Mellon universitetindən olan tədqiqatçılar qrupunun hazırladığı yeni proqram “bədən dili”ni oxumağa imkan verir. Proqramın alqoritmləri real vaxt rejimində üz ifadəsi, baş və bədənin mövqeyi, əl və ayaq barmaqlarını təhlil edir. Bu proqram daxili səthində 500 videokameranın quraşdırıldığı, iki mərtəbəli günbəzlərdən ibarət “Panoptic Studio” adlı binanın avadanlıqlarının köməyilə hazırlanıb.
dailytechinfo.org saytının məlumatına görə,“Panoptic Studio”nun 500 kamerası hətta bir kadr çəkərkən böyük miqdarda informasiya istehsal edir. Belə bir vizual informasiya massivinin analizi üçün əhəmiyyətli hesablama resursları tələb olunur. Bu səbəbdən tədqiqatçılar 31 yüksək keyfiyyətli videokameranın məlumat axınlarının analizi ilə kifayətlənməli olublar.
Tədqiqatçılar sistemin işləməsi üçün bir noutbuk və kamera kifayət etsin deyə sistemin proqram kodunu emal etmək niyyətindədirlər. Bu halda, sistem yalnız bir insanın bədən dilini yox, bir-biri ilə əlaqədə olan bir qrup insanın bədən dilini deşifrə edə biləcək.
Bəzən çoxsaylı insanların video çəkilişi zamanı bu və ya digər bədən hissəsinin kimə aid olduğunu müəyyən etmək mümkün olmur. Tədqiqatçılar belə bir problemi aradan qaldırmaq üçün əks analiz metodunu tətbiq ediblər. Beləliklə, sistem təsvirdə bədənin ayrı-ayrı hissələrini müəyyən insana “bağlayır”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.