AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya iqtisadiyyatinın formalaşmasında innovasiyaların rolu, onların məzmunu, xüsusiyyətləri və klassifikasiya əlamətləri" mövzusunda elmi seminar keçirildi.
Öncə çıxış edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev informasiya iqtisadiyyatının formalaşmasında innovasiyaların rolu, onların məzmunu, xüsusiyyətləri və klassifikasiya əlamətləri haqqında qısa məlumat verdi. O, respublikada informasiya cəmiyyəti iqtisadiyyatının informasiya, İKT və innovasiya əsasında inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.
Ə.Əliyev informasiya cəmiyyəti və informasiya iqtisadiyyatı şəraitində innovasiya ilə əlaqədar tədqiqat işlərinin aparılması, innovasiya proseslərinin təşkili, onların səmərəli idarə olunması, nəticə etibarı ilə e-innovasiya sistemi konsepsiyasının formalaşmasının aktual bir məsələ olduğunu diqqətə çatdırdı. Eyni zamanda e-innovasiya sisteminin tərkib elementi kimi innovasiyalar üzrə monitorinq aparmaq məqsədilə innovasiyanı sistemli şəkildə xarakterizə edən indikatorlar sisteminin işlənilməsi, eləcə də onlar əsasında idarəetmə qərarlarının qəbuluna dəstək məqsədilə intellektual sistemlərin yaradılmasının vacibliyini önə çəkdi. Bildirdi ki, hazırki şəraitdə əsas məsələ elmi-texniki ideyaların innovasiyalara çevrilməsi prosesinin səmərəli təşkili və idarə olunmasıdır.
Ə.Əliyev innovativ informasiya iqtisadiyatının formalaşmasında institutun xüsusi rolunu qeyd edərək, qurumun mütəxəssisləri tərəfindən bu istiqamətdə yeni innovativ ideyalar və təkliflər verilməsinin əhəmiyyətli olduğunu dedi. Həmçinin bu mövzunun AR yanında Elmin İnkişafı Fondunun qrant layihəsi ilə dəstəkləndiyini diqqətə çatdırdı.
Sonra şöbənin böyük elmi işçisi Roza Şahverdiyeva innovasiya və innovatikanın mahiyyəti, innovasiya nəzəriyyəsinin formalaşması istiqamətləri haqqında seminar iştiraklçılarına məlumat verdi. Həmçinin o, innovasiyanın növləri, məqsədi və fəaliyyət sferaları üzrə tərkibi, innovasiyanın struktur elementləri, klassifikasiya əlamətləri və s. haqqında da ətraflı danışdı.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, sual, təklif və iradlar səsləndirildi.