Əlavə reallıq (augmented reality) dünyanın real təsvirinə əlavə elementlər yerləşdirməyə imkan verən texnologiyadır. Bu gün bu texnologiyanın istifadə olunduğu sahələrdən biri də tibbdir.
Birmingem Universitetinin (İngiltərə) alimləri əlavə reallıq əsasında öyrədici layihə həyata keçirmək üçün tibb texnologiyalarının vizuallaşdırılmasından istifadə ediblər. Dünyada buna bənzər bir neçə layihə mövcud olsa da, əksər hallarda onlar tibb fakültələrinin tələbələri üçün hazırlanır. Bu, əməliyyatların icra edilməsi texnologiyasını yerinə yetirməyin mümkün olduğu virtual anatomik atlaslar və simulyatorlardır.
naked-science.ru saytının məlumatına görə, bu tətbiq həkimlərlə yanaşı, həm də pasiyentlər üçün nəzərdə tutulub. Layihənin əsasını insan orqanizminin ayrı-ayrı orqanlarının 3D-modelləri təşkil edir. Hərəkət tənzimləyicilərinin köməyilə həkim modelin yerini dəyişdirə və onu çevirə bilər. Modelə fərdi parametrlər (məsələn, pasiyentin siqaret çəkdiyi illərin sayını) tətbiq etmək olar. İstehsalçıların sözlərinə görə, layihə pasiyentə zərərli vərdişlərin onun orqanizminə necə təsir etdiyini görməyə imkan verəcək. Həmçinin həkim müəyyən əməliyyatın pasiyentin orqanizminə təsiri modelini hazırlaya biləcək.
Bununla yanaşı, yeni metodika pasiyentlərə həyat tərzlərində dəyişiklik etməklə onların orqanizminin necə dəyişəcəyini əyani nümayiş etdirməyə imkan verəcək.
Gələcəkdə alimlər müxtəlif travma və xəstəliklərin orqanizmə təsirinin modelini də hazırlamağı planlaşdırırlar. Qeyd edək ki, bu modellərə pasiyentin həyat tərzinin fərdi parametrlərini tətbiq etmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.