Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, 2014-cü ilin sonunadək dünyada mobil rabitə abunəçilərinin sayı 7 milyarda, İnternet istifadəçilərinin sayı isə 3 milyarda çatacaq.
BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, ilin sonunda dünyada ailələrin 44%-inın şəbəkəyə çıxışı olacaq. 2014-cü ilin dekabrınadək inkişaf etmiş ölkələrdə bu göstərici 78%, inkişaf etməkdə olan ölkələrdə isə 32% təşkil edəcək.
Bu sahədə birincilik Avropa ölkələrinə məxsusdur, orada ilin sonunadək dörd nəfərdən üçünün İnternetə çıxışı olacaq. Həmçinin İnternetə yüksək qoşulma tempi Şimali və Cənubi Amerikada müşahidə olunur. Orada ilin sonunadək hər üç nəfərdən ikisi ümumdünya hörümçək torunun üstünlüklərindən istifadə etmək imkanına malik olacaq.
Cari ilin sonunadək Asiya-Sakit okean regionunda əhalinin üçdə biri İnternetə qoşulacaq. Afrikada isə bu ilin sonunadək əhalinin 20%-i İnternetə çıxışa malik olacaq. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 10% təşkil edib.
Paralel olaraq mobil rabitə şəbəkəsinin populyarlığı da artır. İlin sonunadək bu sahədə müqavilələrin sayı təxminən 7 milyarda çatacaq ki, onların da 3,6 milyardı Asiya-Sakit okean region ölkələrinin payına düşəcək.
BTİ-dən bildirilib ki, 2014-cü ilin sonunadək inkişaf etmiş ölkələrdə ev təsərrüfatının 78%-i, inkişaf etməkdə olan ölkələrdə isə 31%-i İnternetə çıxışa malik olacaq. MDB ölkələri üçün bu göstərici təxminən 50% təşkil edəcək.