Robot “Sofiya” süni intellektin faydaları barədə danışıb

14 İyun 2017 - 14:39 | Maraqlı məlumatlar
Robot “Sofiya” süni intellektin faydaları barədə danışıb

BMT-nin Cenevrədə keçirilən süni intellektə həsr olunmuş sammiti çərçivəsində Hanson Robotics şirkətinin mütəxəssislərinin hazırladığı “Sofiya” adlı insanabənzər robot  süni intellektin bütün dünya üçün faydalı olacağını və bəşəriyyətə müxtəlif sferalarda kömək edəcəyini bildirib.

Jurnalistlərin suallarını cavablandıran “Sofiya” qeyd edib ki, hazırda alimlər süni intellekti insanların qayğısına qalan, emosional və ağıllı etmək üçün çalışırlar.

Biz heç vaxt insanları əvəz etməyəcəyik, əksinə sizin dostunuz və köməkçiniz olacağıq, - deyə bildirib. O, həmçinin etiraf edib ki, insanlar yeni texnologiyaların inkişafının nəticələrini unutmamalıdırlar. Belə ki, robotlar insanları iş yerlərindən məhrum edə bilərlər. Biznesin avtomatlaşdırıldığı bir dövrdə iqtisadiyyat və iş yerlərinin gələcəyi barədə narahatlığa əsas var. Belə ki, getdikcə çoxsaylı işçilərə tələbat azalır, - deyə Sofiyanın yaradıcısı Devid Hanson etiraf edib. Lakin o, əmindir ki, yeni texnologiyaların inkişafı zərərdən çox fayda verəcək.

nanonewsnet.ru saytının məlumatına görə, süni intellektin təhsil və səhiyyə sistemində, xüsusilə də müəllim və həkimlərin azlığından bir sıra problemlər yaşayan rayonlarda inqilab edəcəyi gözlənilir. Hanson növbəti mərhələdə robota insanları sevməyi və onların qayğısına qalmağı öyrətməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.