Avstraliya alimləri insanın orqanlarının şəkli ilə onun ömrünün uzunluğu haqqında 69 faiz dəqiqliklə proqnoz verən süni intellekt sistemi yaradıblar.
“Pasiyentin gələcək vəziyyəti haqqında proqnoz həkimlər üçün son dərəcə əhəmiyyətlidir. Çünki bu məlumat onlara xəstənin həyatının xilas edilməsi və uzadılması üçün ən uyğun müalicəni seçməyə kömək edəcək. Bu kimi proqnozlar hələ ki, həkimlərin təcrübəsi ilə məhdudlaşır. Biz bu məsələnin həlli üçün dərin neyron şəbəkələrdən istifadə etməyin mümkünlüyünü sınaqdan keçirdik”, – deyə Avstraliya Adelaida Universitetinin alimi Lyuk Okden-Reyner bildirib.
news.rambler.ru saytının məlumatına görə, Okden-Reyner və onun həmkarları sistemin yaradılması üçün 40 pasiyentin sağlamlıq vəziyyətinin müşahidə edilməsi zamanı döş qəfəsi və qarın boşluğunun tomoqraf cihazının köməyilə əldə olunmuş bir neçə min şəklindən istifadə ediblər.
Alimlər sistemin artıq ölmüş pasiyentlərin orqanlarının şəkilləri ilə onların nə qədər yaşadıqları haqqında dəqiq proqnoz verdiyinə əmin olduqdan sonra sistemi hazırda həyatda olan pasiyentlər üzərində sınaqdan keçiriblər. Bunun üçün 8 gənc və yaşlı pasiyentdən ibarət qrup toplanaraq növbəti bir neçə il ərzində onların həyatı müşahidə altında saxlanılıb. Məlum olub ki, proqram həqiqətən də könüllülərin nə qədər yaşayacaqları haqqında düzgün proqnoz verir.
Alimlərin fikrincə, məlumat bazasının genişləndirilməsi və sınaqlara daha çox könüllünün cəlb olunması bu kimi proqnozların keyfiyyətini yüksəltməyə imkan verəcək. Hazırda Okden-Reynerin komandası neyron şəbəkənin təkmilləşdirilmiş versiyası üzərində çalışır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.