AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova “Proqram təminatının vizuallaşdırılması problemləri” mövzusunda məruzəni təqdim edərək proqram təminatı (PT) sistemlərinin hazırlanması və istismarının müxtəlif sahələrin mütəxəssislərinin birgə əməkdaşlığını tələb etdiyini bildirdi. O, PT-nin proqramlaşdırılması, anlaşılması və dəyişdirilməsi, o cümlədən müxtəlif sahələrin mütəxəssislərinin yazdığı kod ilə işləyən zaman yaranan çətinliklərin aradan qaldırılması üçün PT-nin vizuallaşdırılması üsullarından istifadə olunduğunu diqqətə çatdırdı.
M.İsmayılova PT sənayesinin problemlərindən bəhs edərək onun PT-nin mürəkkəbliyi, PT-nin inkişafı və dəyişdirilməsi ilə əlaqədar olan iki əsas problemini qeyd etdi. Bildirdi ki, bu problemlərin həllində istifadə olunan üsullar qabaqlayıcı və təsdiqləyici yanaşmalarına əsaslanmalıdır.
Məruzəçi vizuallaşdırmanın böyük həcmli verilənlərin başa düşülməsi imkanını təmin edən, kiçik və irimiqyaslı obyektlərin anlaşılmasını asanlaşdıran və hipotezlərin yaradılmasına imkan verən əsas üstünlükləri haqqında məlumat verdi. PT-nin işlənilməsində vizuallaşdırmanın üstünlüklərindən söz açan məruzəçi onun PT-yə çəkilən xərclərin azaldılması, məhsuldarlığının artırılması, mürəkkəbliyin idarə edilməsi, keyfiyyətinin yüksəldilməsi imkanına malik olduğunu vurğuladı.
Məruzəçi qeyd etdi ki, PT sistemlərinin təkamülünün vizuallaşdırılmasına PT sistemlərinin versiyalarının vizualaşdırılması yolu ilə nail olmaq olar. O, bildirdi ki, versiyaların vizuallaşdırılmasına sistemə daxil olan faylın konkret versiyasında kod sətirlərinin sayı, sistemdə artım faizi və dəyişmə faizi, qüsurların sıxlığı və mürəkkəblik meyarlarının dəyişdirilməsi kimi göstəricilərin vizuallaşdırılması daxildir.
M.İsmayılova PT təkamülünün vizuallaşdırılmasının sistemlərin necə meydana gəlməsini göstərməklə çox böyük PT layihələrinin xidmət mərhələlərinin sadələşdirilməsinə istiqamətləndiyini qeyd etdi. Onun sözlərinə görə, PT təkamülünün vizuallaşdırılmasının izləyiciləri böyük proqram layihələrinin texniki xidmət mərhələsində iştirak edən idarəetmə və PT mühəndisləri komandasından ibarətdir.
“PT təkamülünün vizuallaşdırılması böyük həcmli informasiyanı istifadəçilər üçün əlyetərli etməli və istifadəçilərə sərbəst şəkildə təsvirləri və tendensiyaları tapmağa imkan verməlidir”, – deyə bildirən M.İsmayılova bu istiqamətdə təklif olunan “SeeSoft”, “WinDiff”, “XİA”, “3D SoftVis” alətləri barədə danışdı.
Sonda məruzəçi bu sahənin problemlərinə toxunaraq bildirdi ki, vizuallaşdırmanın proqramçılar tərəfindən qəbul edilməsi sahəsində əsas maneələrindən biri PT-nin hazırlanması və dəstəklənməsi üçün təsdiqlənmiş alətlər, metodologiyalar və proseslərdə vizuallaşdırmanın inteqrasiyasının olmamasıdır. Qeyd etdi ki, müasir PT sistemlərinin məhdudlaşdırılmış miqyaslanmaya malik olması da bu sahənin ən vacib problemlərindəndir.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.