AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin “Big Data-nın proqram mühəndisliyinin bəzi problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı, institutun böyük elmi işçisi Aybəniz Əliyeva bildirdi ki, böyük həcmli verilənlərin toplanması, emalı, inteqrasiyası, analizi və arxivləşdirilməsi ilə bağlı tələblər böyük verilənlər həcminə, intensivliyinə və mürəkkəbliyinə görə standart proqram platformalarının imkanlarını aşır, verilənlərin ənənəvi üsullarla emalı zamanı müəyyən problemlər yaradır.
Sonra məruzəçi İKT sahəsində əsas tendensiyalar və onun proqram mühəndisliyinə təsiri haqqında məlumat verdi. Qeyd etdi ki, texnoloji tendensiyalar proqram mühəndisliyində iki problemin yaranmasına səbəb olur. Bir tərəfdən, proqram mühəndisliyinin mövcud problemləri müasir İT-nin mürəkkəbliyi, ölçüsü və ya dinamikliyi üzündən dərinləşir. Digər tərəfdən, informasiya texnologiyaları proqram təminatının problemlərinin həlli üçün yeni imkanlar təklif edir. Nəticədə, bu imkanların necə istifadə edilməsi ilə bağlı problemlər yaranır.
Big Data-nın proqram mühəndisliyi problemlərindən danışan A.Əliyeva bildirdi ki, buraya Big Data üçün miqyaslanan proqram təminatı arxitekturalarının kifayət qədər inkişaf etməməsi, onun proqram təminatının onlayn diaqnostikası, proqram təminatının keyfiyyətinin proqram mühəndisliyinin texniki üsullarının vasitəsilə təmin edilməsi və s. daxildir.
O, böyük həcmli verilənlərin emalında istifadə olunan ETL (Extract, Transform, and Load) proqram təminatının sınaqdan keçirilməsi zamanı yaranan problemləri nəzərə çatdırdı. Həmçinin problemin həlli üçün təklif olunmuş test proqramının strukturunu təqdim etdi. Test verilənlərinin generasiyası, onların ötürülməsi və dəyişikliyinin yoxlanılması haqqında məlumat verdi.
Araşdırmanın nəticələri barədə çıxış edən məruzəçi Big Data-nın proqram mühəndisliyi sahəsində yaranan problemlərin əsasən verilənlərin miqyaslanması amili ilə bağlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, miqyaslanmaya malik verilənlər sistemlərinin yaradılması və layihələndirilməsi üçün Big Data texnologiyalarından istifadə proqram təminatı arxitekturasının layihə müəllifləri üçün ciddi problemlər yaradır. Onların həlli üçün layihə müəlliflərinin birgə işi və texniki biliyi, miqyaslanma və yeni texnologiyaların fundamental məsələlərinin nəzərə alınması əhəmiyyətli rol oynaya bilər.
Sonda mövzu ətrafında müzakirələr aparıldı. Məruzənin mayın 17-də keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.