Maşın təlimi metodlarına həsr olunmuş elmi seminar keçirildi

12 May 2017 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Maşın təlimi metodları” kursu üçün hazırlanmış tədris proqramının müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev şöbənin əməkdaşları üçün nəzərdə tutulmuş tədris proqramının məzmunu barədə geniş məlumat verdi. Dünyanın qabaqcıl universitetlərində bu istiqamətdə mövcud olan tədris proqramları, müvafiq dərsliklər və veb-resursların hərtərəfli analiz edildiyini, tanınmış onlayn kurslarda iştirak edilərək sertifikatlar alındığını və tədris proqramının ən yaxşı təcrübə əsasında sintez edildiyini diqqətə çatdırdı.

Sonra proqrama daxil olan mövzular barədə qısa məlumat verildi. Maşın təliminin əsas konsepsiyaları, kompüter elmləri, verilənlərin intellektual analizi və verilənlər elmi ilə qarşılıqlı əlaqələri diqqətə çatdırıldı, informasiya təhlükəsizliyi sahəsində tətbiqlərinə dair bir sıra misallar göstərildi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə əməkdaşlarının gələcək elmi tədqiqatlarında kursda öyrənilməsi nəzərdə tutulan metod və yanaşmaların geniş tətbiq edilməsinin vacibliyi qeyd edildi, bu istiqamətdə bir sıra təklif və tövsiyələr səsləndirildi.

Qeyd edək ki, “Maşın təlimi metodları” kursu çərçivəsində şöbədə növbəti həftələrdə də silsilə seminarlar keçiriləcək. Bu kursun növbəti semestrdə institutda təhsil alan magistrlərə də tədris edilməsi planlaşdırılır.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.