İstənilən səthi sensor ekrana çevirən texnologiya hazırlanıb

12 May 2017 - 13:00 | Texnoloji yeniliklər
İstənilən səthi sensor ekrana çevirən texnologiya hazırlanıb

Həssas sensor panellər bir çox müasir qadcetlərdə istifadə olunur, lakin onlar əksər hallarda forma və ölçü ilə məhdudlaşır. ABŞ-ın Karneqi Mellon Universitetinin “Future Interfaces Group” laboratoriyasının tədqiqatçıları isə müxtəlif səthlər və obyektlərdən sensor panellər kimi istifadə etməyə imkan verən texnologiya təklif ediblər.

nplus1.ru saytının məlumatına görə, “Electrick” adlı texnologiya elektrikkeçirici örtükdən istifadəni nəzərdə tutur. Bu örtük boya, jele və s. ola bilər.

Müəlliflər bildiriblər ki, elektrikkeçirici boyanın köməyilə mürəkkəb formalı obyektləri belə sensor panelə çevirmək mümkündür. Yeni texnologiya masada proqramların işə salınması, “ağıllı” evin idarə edilməsi və s. üçün istifadə edilə bilər.

Qeyd edək ki, bu, “Future Interfaces Group”un yeni sensor interfeyslər sahəsində ilk layihəsi deyil. Laboratoriyanın mütəxəssisləri daha əvvəl “ağıllı” saat üçün sensor interfeys kimi əlin dərisindən istifadə etməyi təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.