“Ali məktəb tələbələri arasında informatika üzrə IX ümumrespublika olimpiadası”nın I mərhələsi keçirildi

14 Aprel 2014 - 12:00 | Mühüm hadisələr

Qafqaz Universitetində AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə IX ümumrespublika olimpiadası”nın I mərhələsi keçirildi. 

17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan olimpiadada çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, I mərhələdə 8 ali təhsil müəssisəsindən 49 komanda iştirak edir: “Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqincə təmsil olunması üçün görülən tədbirlər kreativ təfəkkürlü yeni nəsil gənclərin yetişdirilməsində mühüm rol oynayır. Olimpiadalar tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradır”. 

Beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ramin Mahmudzadəyarış qaydaları haqqında məlumat verdi. O, yarış zamanı hər komandaya 5 saat ərzində 10 məsələni həll etmək tapşırığının verildiyini bildirərək məsələlərin həllinin yoxlanması və qiymətləndirilməsində Avtomatik Qiymətləndirmə Sistemindən istifadə olunduğunu qeyd etdi. 

Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç, Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının dosenti Elşən Məmmədov, Gəncə Dövlət Universitetinin Riyazi informatika fakültəsinin tədris işləri üzrə dekan müavini Rauf Məmmədov çıxış edərək bu kimi olimpiadaların əhəmiyyətindən söz açdılar. 

Qeyd edək ki, olimpiadanın final mərhələsinin aprelin 26-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi nəzərdə tutulub.