Xəstəliklərin vaxtında diaqnostikası və monitorinqi müasir tibdə son dərəcə əhəmiyyətlidir. Lakin bir çox xəstəliklər sağlamlıq vəziyyətinin daimi müşahidəsi üçün mürəkkəb qurğular tələb edir. Həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə daha çox qadcetlər hazırlanır.
Bu yaxınlarda ürəyin işinin göstəricilərinin fiksasiyası üçün “ağıllı” köynək prototipi təqdim edilib. Maraqlıdır ki, onun yaradılması işində Çelyabinsk şəhər liseyinin (Rusiya) şagirdi fəal iştirak edib. Köynək gənclərin “Gələcəyə addım” ümumrusiya elmi forumu çərçivəsində “Biotibb texnikası” seksiyasında nümayiş olunaraq final mərhələsinə keçirilib.
news.rambler.ru saytının məlumatına görə, “ağıllı” geyim ürək əzələsinin daralması prosesi zamanı yarana biləcək dəyişiklikləri qeydə alan xüsusi mikroçiplə təchiz edilmiş elektrikkeçirici parçadan hazırlanıb. Real vaxt rejimində əldə olunmuş informasiya smartfona ötürülür. Smartfonda quraşdırılmış proqram daxil olan məlumatları izləyir və istifadəçiyə normadan kənara çıxma olduqda kardioloqa müraciət etməyi məsləhət görür. Köynəklərin yaxın zamanda satışa çıxarılması planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.