Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr müzakirə olundu

09 Mart 2017 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında müzakirə olunan məsələlərdən biri də “Azərbaycan Respublikasında Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifələr haqqında olmuşdur.

Məruzəni təqdim edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Milli  iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanını xatırladaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsinin (SYX) hazırlandığını diqqətə çatdırdı.

Ə.Əliyev “Azərbaycan Respublikasında Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkışafına dair Strateji Yol Xəritəsi”nə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövrə hədəf baxışının daxil edildiyini bildirdi. Məruzəçi qeyd olunan strateji baxış və hədəflərin İKT-nin inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi və dövlət sektorunda İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılmasına xidmət etdiyini vurğuladı.

Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkışafına dair SYX-də müəyyən edilmiş prioritet istiqamətlər barədə məlumat verən şöbə müdiri bu xəritəyə əsasən, telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi, o cümlədən subyektlər arasında effektiv koordinasiyanın qurulmasının nəzərdə tutulduğunu bildirdi.

Onun sözlərinə görə, idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinın artırılması, həmçinin hökumətin və sosial mühitin rəqəmsallaşdırılması SYX-də yer alan əsas strateji hədəflərdəndir. 

Ə.Əliyev SYX-nin Tədbirlər planında AMEA ilə əlaqədar tədbirlərin yer aldığını qeyd edərək plana müvafiq olaraq İnformasiya Texnologiyaları İnstitutununda yerinə yetirilməsi nəzərdə tutulan işlər haqqında məlumat verdi: “Bu məqsədlə İT üzrə ali təhsili başa vuran məzunların həmin il ərzində institutda işə götürülməsinin təmini, İKT-nin tədrisində çatışmazlıqların araşdırılması və müvafiq təkliflərin işlənilməsi, İKT sferasında məhsul istehsalı və xidmət göstərilməsi üzrə kadr hazırlığının gücləndirilməsi, rəqəmsal təhsilin inkişafı üzrə islahatların aparılması, təkmilləşdirmə kurslarının təşkili, bilik və bacarıqların qiymətləndirilməsi işlərinin həyata keçirilməsi planlaşdırılır”.

Məruzəçi SYX-də uzunmüddətli və hədəf baxışları aspektində İnformasiya Texnologiyaları İnstitutuna aid ola bilən vəzifələr və onların həll istiqamətlərini də diqqətə çatdırdı. Bildirdi ki, institutda İKT sferası idarəçiliyinin təkmilləşdirilməsi problemlərinin araşdırılması, İKT sferasında sahibkarlığın inkişaf etdirilməsi problemlərinin tədqiqi, İKT sahəsində əlverişli biznes mühitinin formalaşması problemlərinin tədqiqi, elmi araşdırmalarda və neft-qaz sənayesinin inkişafında Big Data  texnologiyalarının tətbiqi, e-dövlətin və ölkə informasiya fəzasının təhlükəsizliyinin təmini və s. istiqamətlərdə elmi araşdırmalar aparıla bilər. 

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ölkədə İKT-nin inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi və digər məqsədlərlə hazırlanmış “Azərbaycan Respublikasında Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətədavamlılığı, inklüzivliyi və sosial rifahın daha da artırılmasının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı. SYX-də AMEA-nın müxtəlif elmi qurumlarının iştirakının nəzərdə tutulduğu istiqamətlərin mövcud olduğunu söyləyən alim “Milli  iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” AR Prezidentinin Fərmanın icrasının təmin edilməsi məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini diqqətə çatdırdı.

SYX-də İKT istiqaməti üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunun da üzərinə müəyyən vəzifələrin qoyulduğunu söyləyən R.Əliquliyev bu məqsədlə kompleks tədbirlərin görülməsinin nəzərdə tutulduğunu bildirdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.