AzScienceNet şəbəkəsinin imkanları genişləndirilir

07 Mart 2017 - 09:30 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Elmi Şuranın iclasında AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) 2017-ci il üzrə fəaliyyət planı ilə bağlı çıxış etdi. Bildirdi ki, verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənilməsi, AzScienceNet-də mobil hesablama buludlarının, Enterprise Desktop Grid xidmətlərinin, o cümlədən verilənlərin emalı mərkəzində hesablama klasterlərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılır.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet-də hostinq xidmətlərinin yaradılmasına dair tələblər yenidən işlənilir, superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri, onlarda həll olunan məsələlərin analizi və təhlillərin aparılması üzrə araşdırmalar davam etdirilir. Həmçinin verilənlərin emalı mərkəzində virtual laboratoriyaların yaradılması, AzScienceNet-də proqramla idarə olunan şəbəkə texnologiyalarının (Software Defined Networking – SDN) tətbiqi və analizi, AzScienceCert-də toplanan məlumatlar əsasında təhlillərin aparılması ilə bağlı tədqiqatlar yerinə yetirilir.

Alim AzScienceNet EKŞ-nin infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlərdən söz açaraq AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin şəbəkəyə qoşulması, AzScienceNet infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması işlərinin davam etdirildiyini bildirdi. Qeyd etdi ki, AzScienceNet-in yaddaş və hesablama resurslarının artırılması, şəbəkə üzərindən ElmTV İnternet televiziyasının monitorlar şəbəkəsinin istismarı və genişləndirilməsi, verilənlərin emalı mərkəzində E-kitabxana serverinin istismarı, akademiyanın qurumlarında Wi-Fi şəbəkəsi və Eduroam xidmətinin, AMEA-nın Şəki və Lənkəran Regional Elmi Mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Direktor müavini Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT tərəfindən verilmiş 1Gbit/san İnternet trafikindən səmərəli istifadə edilməsi məqsədilə AMEA-nın institut və təşkilatlarının, AMEA-nın Fizika institutunun nəzdində fəaliyyət göstərən GRİD Elmi-Tədqiqat Mərkəzinin, eləcə də Azedunet.az təhsil şəbəkəsinin GEANT şəbəkəsinə qoşulması istiqamətində işlərin görüldüyünü nəzərə çatdırdı.

Məruzəçi bildirdi ki, AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarı, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili işləri həyata keçirilir, informasiya təhlükəsizliyi siyasətinin tələblərinə müvafiq olaraq, şəbəkənin e-poçt xidmətinin fəaliyyəti gücləndirilir.

O, AzScienceNet şəbəkəsində Multimedia Qalereyası sisteminin yaradılması və istismarı, institutda işlənilmiş İnteraktiv informasiya sisteminin istismarının təşkili, şəbəkənin İnternet-monitorinq və İnternet analitikası işlərinin gücləndirilməsi üzrə işlərin görüldüyünü söylədi.

Bildirdi ki, respublika ali təhsil və elmi müəssisələrində AzScienceNet-in xidmətlərindən istifadə edilməsi istiqamətində Azedunet.az təhsil şəbəkəsinin AzScienceNet-ə qoşulması, Azərbaycan Tibb Universitetində Wi-Fi sistemi və Eduroam xidmətinin yaradılması, eləcə də Distant Tədris Mərkəzindən regionlarda yerləşən universitetlərin tələbələri üçün elmin müxtəlif sahələri üzrə mühazirələrin təşkili istiqamətində işlər aparılır.

AzScienceNet şəbəkəsinin beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirildiyini diqqətə çatdıran məruzəçinin sözlərinə görə, GEANT Assosasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aparılan işlər davam etdirilir.

O, həmçinin AzScienceNet şəbəkəsinin proqram təminatının yenilənməsi, şəbəkənin fəaliyyəti ilə bağlı görülən işlərin KİV-də təbliği, şəbəkənin xidmətlərindən səmərəli istifadə üçün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına təlimlərin keçirilməsi və s. haqqında ətraflı məlumat verdi.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet EKŞ-nin qarşısında xüsusi vəzifələr qoyulduğunu söylədi.

Alim Azərbaycan Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində birgə fəaliyyət göstərdiklərini və gələcəkdə də əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı, bu prosesdə AzScienceNet-in mühüm vasitələrdən olduğunu qeyd etdi.

Sonda AzScienceNet EKŞ-nin 2017-ci il üzrə fəaliyyət planı Elmi Şuranın üzvləri tərəfindən təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.