GUAM-ın informasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası keçirilib

09 Aprel 2014 - 10:00 | Mühüm hadisələr
GUAM-ın informasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası keçirilib

Aprelin 7-də Tbilisidə Gürcüstan tərəfinin sədrliyi ilə informasiya texnologiyaları üzrə işçi qrupunun dördüncü iclası keçirilib. İclasda GUAM-ın iştirakçıları olan dövlətlərin və təşkilatın Katibliyinin nümayəndələri iştirak ediblər. 

Bu barədə AzərTAc-a GUAM-ın Kiyevdəki mənzil-qərargahından bildirilib. 

İclas iştirakçıları qanunvericiliyin təkmilləşdirilməsi, statistik məlumatlar, makrogöstəricilər və bu sahədə reallaşdırılan layihələr üzrə sistemli informasiya mübadiləsi məsələlərini, GUAM-ın Sahəvi Əməkdaşlığın İnkişafı Strategiyasının həyata keçirilməsi istiqamətində təşkilatın iştirakçıları olan dövlətlər arasında əlaqələr mövzusunu, informasiya texnologiyaları sahəsində mümkün yeni layihələri müzakirə ediblər. 

Tərəflər elm və təhsil, informasiya texnologiyaları üzrə işçi qrupların distant təhsilin inkişafı mövzusunda birgə iclasının keçirilməsi, eləcə də beynəlxalq sahəvi tədbirlərdə iş zamanı GUAM-ın iştirakçıları olan dövlətlər arasında mövqelərin uyğunlaşdırılması üzrə əlaqələndirmə fəaliyyətinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.