Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev Elmi Şuranın iclasında şöbənin 2016-cı il üzrə hesabatı ilə bağlı çıxışı zamanı bildirdi.
Məruzəçi il ərzində 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edildiyini diqqətə çatdırdı. İnstitutda keçirilən görüşlərdə 10 ölkədən 20-dən çox alim və mütəxəssisin iştirak etdiyini, qurumun həmtəşkilatçılığı ilə 2 beynəlxalq konfransın təşkil edildiyini dedi. Bildirdi ki, şöbə əməkdaşları xarici alimlərlə birgə elmi tədqiqatlar aparmış, 20 xarici səfərdə iştirak etmişlər.
V.Musayev Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələrinin 2016-cı ildə daha da genişləndirildiyini söylədi. Qeyd etdi ki, qurumun AzScienceNet elm-kompüter şəbəkəsi GEANT-a qoşulmuş və assosiasiyanın “Horizon 2020” proqramı çərçivəsində həyata keçirdiyi “GN4” layihəsində iştirak etmək üçün dəvət olunmuşdur. Həmçinin bildirdi ki, hazırda institut assosiasiyaya daxil olan təşkilatlarla intensiv əməkdaşlıq edir.
Məruzəçinin sözlərinə görə, institut Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, elm və təhsil üçün regional telekommunikasiya şəbəkəsinin (EaPConnect) yaradılmasında da fəal iştirak etmişdir. 2016-cı ilin oktyabr ayında Tbilisidə keçirilən “EaPEC: Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı”nda Avropanın qabaqcıl layihələri ilə yanaşı, institutun AzScienceNet şəbəkəsi ilə bağlı geniş məlumat verilmişdir.
“Dünyanın aparıcı universitetlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində ən önəmli istiqamətlərdən biri xarici tələbələrlə işdir”, – deyə bildirən V.Musayev institutda bu məsələyə xüsusi diqqət yetirildiyini söylədi. Qeyd etdi ki, institutda informatika fənni üzrə kurslarda 87 xarici tələbə iştirak etmişdir. Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin 20 magistrantı institutun müxtəlif şöbələrində elmi təcrübə kursu keçmişdir. Hazırda 2 xarici tələbə institutda dissertantura təhsilini davam etdirir.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qurumun Beynəlxalq əlaqələr şöbəsinin AMEA-nın İKT üzrə xarici siyasətinin həyata keçirilməsində xüsusi rolunu qeyd etdi. Bildirdi ki, son zamanlar elmin qarşısına qoyulan bir sıra mühüm vəzifələr, institutun Avropa elmi mühitinə inteqrasiya olunması Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyətinin daha da gücləndirilməsini zəruri edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.