AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirilib. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulan informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması məsələləri” mövzusunda məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin (SYX) başlıca istiqamətləri, hədəf indikatorları, strateji baxışlar, məqsəd və hədəflər haqqında məlumat verib.
Qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Ə.Əliyev ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək, yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə ölkə Prezidenti tərəfindən bir sıra sərəncam və fərmanların imzalandığını söyləyib. Qeyd edib ki, milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 SYX hazırlanmış, 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilmişdir.
Şöbə müdiri SYX-nin Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyi, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəyinə əminliyini ifadə edib.
Onun sözlərinə görə, AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ölkədə İKT-nin inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi və s. məqsədlərlə hazırlanmışdır. Ə.Əliyev, həmçinin SYX-də qeyri-neft sektorunun nəzərə alınmış prioritet istiqamətləri, telekommunikasiya sektoru üzrə SYX-nin hazırlanma prinsiplərini diqqətə çatdırıb.
Məruzəçi informasiya cəmiyyətinin mövcud vəziyyətindən söz açaraq rəqəmsal savadlılığın Azərbaycanın gələcəyi üçün əsas göstərici hesab olunduğunu və ölkəmizdə əhali arasında “rəqəmsal fərq”in aradan qaldırılması, yüksək texnologiyalar parklarında olan müəssisələrin Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidi üçün əsas hərəkətverici qüvvəyə çevrilməsinin zəruriliyini qeyd edib.
SYX-də 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün strateji hədəfləri təqdim edən Ə.Əliyev idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlıq və əməliyyat səmərəliliyinin artırılması, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, o cümlədən innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
“İKT sektorunda 2025-ci ilədək olan dövr üçün uzunmüddətli strateji baxış bu sektorda innovasiya yönümlü islahatları davam etdirmək, müasir xidmətlərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək, telekommunikasiya sektorunda mühüm beynəlxalq tələblərə cavab verən standartların tətbiqini təmin etmək yolu ilə ölkənin inkişafına, rəqəmsal iqtisadiyyatın formalaşmasına nail olmağı nəzərdə tutur”, – deyə bildirən şöbə müdiri SYX-nin əlavə strateji məqsədləri, SYX-də nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində proqnozlaşdırılan istiqamətlər barədə məlumat verib. O, həmçinin rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində planlaşdırılan strateji hədəfləri diqqətə çatdırıb.
SYX-də informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması məsələlərindən danışan şöbə müdiri informasiya cəmiyyəti və biliklərə əsaslanan iqtisadiyyatın qurulması, iqtisadiyyatın rəqəmsallaşdırılması, İKT xidmətlərinin inkişafı, idarəetmə və biznes fəaliyyətində İKT-nin tətbiqinin genişləndirilməsi, rəqəmsal savadlılıq, yüksək texnologiyalar parklarının yaradılması, o cümlədən sosial mühitin, iqtisadi və sosial proseslərin rəqəmsallaşdırılması, innovasiyayönümlü texnoloji savadlılıq səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı İKT mütəxəssislərinə artan tələbatın təmin edilməsi və s. istiqamətlərdə işlərin görüləcəyini söyləyib.
Sonda Ə.Əliyev bildirib ki, göstərilən məsələlərin bir çoxu şöbənin gələcək elmi fəaliyyət istiqamətlərində nəzərdə tutulmuşdur. Bu səbəbdən həmin sahədə yerinə yetirilən işlər SYX-nin icrasına öz töhfəsini verəcək.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.