Artıq Ceyms Kemeronun transatlantik paroxodlar tarixində ən böyük gəmilərdən birinin okean sularına qərq olmasını əks etdirən filminin premyerasından 20 il ötür. 1912-ci il aprelin 15-də baş verən dəhşətli qəza 1496 insanın həyatına son qoymuş və tarixə düşmüşdür.
İndi arzu edən hər kəs virtual reallıq və “Titanic VR” oyunu sayəsində bu əfsanəvi gəminin içində onun sərnişinləri ilə birlikdə o dəhşətli anları “yaşaya” biləcək. Bunun üçün oyunçu Titanikin sərnişinlərindən birinin roluna girməlidir. O, gəmi batdıqdan sonra okeanın dibinə enə və artıq indiki zamanda onun qalıqlarını tədqiq edə biləcək.
hi-news.ru saytının məlumatına görə, istehsalçılar məkanı və gəminin interyerini ən xırda təfərrüatlara qədər bərpa etmək üçün çoxlu sayda kitab və tarixi sənədləri araşdırıblar. Oyun yalnız əyləncə üçün deyil, həm də tələbə-tarixçilər və batmış gəminin içində olmağı arzulayanlar üçün nəzərdə tutulub.
Proqramı daha əvvəl virtual reallıqda ilk astronavtları Aya çatdırmış məşhur “Appolon 11” kosmik gəmisinin uçuşunu təcəssüm etdirən İrlandiyanın “Immersive VR” studiyası hazırlayıb. “Titanic VR” layihəsini “Kickstarter” platformasında dəstəkləmək olar. Artıq nəzərdə tutulmuş 50000 funt-sterlinqin 30000-dən çox hissəsi toplanılıb. Oyun Böyük Britaniya sakinləri üçün 20 funt-sterlinqə başa gələcək ki, bu da təxminən 25 ABŞ dollarına bərabərdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.