AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirildi. Seminarın məqsədi kompüter dilçiliyi, dil mühəndisliyi və sənayesi, emosiya informatikası, dilin virtual məkana inikas olunması, həmçinin dilçilikdə kompüter texnologiyalarının tətbiqi istiqamətində problemləri müzakirə etmək idi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev YUNESKO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılması məqsədi daşıdığını, 2000-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində bu günün qeyd edildiyini nəzərə çatdırdı.
Akademik ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi rəsmi status qazanmasında və tətbiqində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirərək dilimizin orijinallığının qorunub-saxlanılması, inkişaf etdirilməsi və nüfuzunun artırılmasının dövlətin dil siyasətinin əsasını təşkil etdiyini söylədi.
Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər haqqında məlumat verən alim bu sahədə qəbul olunmuş rəsmi sənədlərdən irəli gələn vəzifələrin həlli istiqamətində görülən tədbirlərin vacibliyindən danışdı. Alimin sözlərinə görə, AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar, o cümlədən AMEA qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən bir çoxunun İKT ilə bağlı olduğunu söyləyən R.Əliquliyev Azərbaycan dilinin inkişafı üçün ölkəmizdə digər təşkilatlarla yanaşı, rəhbərlik etdiyi institut tərəfindən də müəyyən işlərin aparıldığını, Azərbaycan dilinin inkişafına daim elmi dəstək verildiyini önə çəkdi.
Sonra institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Dil mühəndisliyinin elmi-nəzəri problemləri və tədqiqat istiqamətləri” mövzusunda təqdimatla çıxış edərək bu sahədə böyük xidmətləri olan alimlər, müxtəlif baxışlar, yeni yanaşmalar, terminlər, anlayışlar və s. haqqında ətraflı məlumat verdi.
O, təbii dillərdə statistik qanunauyğunluqların öyrənilməsi ilə məşğul olmuş amerikalı linqvist Corc Kinqsli Zipfin yanaşmaları və dil mühəndisliyi sahəsində geniş istifadə olunan Zipf qanunlarından, eləcə də Amerikanın tanınmış dilçi alimi, formal dillərin təsnifatının müəllifi “Müasir linqvistikanın atası” adlandırılan Noam Komskinin müvafiq sahədəki rolundan bəhs etdi.
“Dil mühəndisliyi təbii dili tanımaq, başa düşmək, interpretasiya və generasiya etmək üçün dil biliklərini tətbiq etməklə kompüter sistemlərinin yaradılmasından bəhs edən elm sahəsidir”, – deyə alim bildirdi. O, həmçinin dil mühəndisliyinin tədqiqat istiqamətləri, arxitekturu, əsas prosesləri və metodlarından danışdı.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov “Dil sənayesi biliklər iqtisadiyyatının seqmenti kimi” mövzusunda məruzə ilə çıxış etdi. O, biliklər iqtisadiyyatının əsas prinsipləri haqqında məlumat verərək elmi tədqiqat, təhsil, KİV, informasiya texnologiyaları, nəşriyyat işi, dil sənayesi və informasiya xidmətlərinin onun əsas tərkib hissələri olduğunu diqqətə çatdırdı.
Məruzəçi dil sənayesinin elmi tədqiqat, dil texnologiyaları istehsalçıları, tərcümə, lokallaşdırma və nəşriyyat fəaliyyəti, dublyaj, həmçinin turizm sənayesi sektorlarından ibarət olduğunu qeyd edərək bildirdi ki, hazırda dünyada dil sənayesinin həcmi 40 milyard dollara bərabərdir, 2020-ci ildə isə bu göstəricinin 45 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
R.Mahmudov, həmçinin tərcümə şirkətlərinin 2016-cı il üzrə dünya reytinqi, qlobal dil bazarının artım tempi və regionlar üzrə bölgüsü, tərcümə növlərinin bazar həcmi, dil xidmətlərinin sayına görə veb-saytların reytinqi və s. haqqında statistik göstəriciləri nəzərə çatdırdı.
Ölkəmizdə dövlət dili ilə bağlı mühüm qərarların qəbul olunduğunu söyləyən R.Mahmudov Azərbaycanda dil sənayesinin problemlərindən də söz açdı. Dil sənayesinin ölçülməsi üçün elmi-metodoloji bazanın və dil xidmətlərinin normativ-hüquqi bazasının formalaşdırılması, milli dil və tərcümə standartlarının işlənilməsi, dil sənayesində İKT-nin, o cümlədən maşın tərcüməsinin tətbiqinin zəruriliyini vurğuladı.
İnstitutun sektor müdiri Əfruz Qurbanova “Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları” mövzusunda məruzə ilə çıxış edərək aparılan tədqiqatların nəticələri, predmet sahəsinin terminləri arasında semantik əlaqələrin gücünün dəyərinin təyini və s. haqqında geniş məlumat verdi.
Ə.Qurbanova bildirdi ki, mətndə terminlər arasında semantik münasibətlərin tanınması vacibdir. Belə ki, onların köməyi ilə terminologiyanın semantik strukturu təsvir olunur. Semantik münasibətlər sözlər, ifadələr və ya cümlələrin mənaları arasında mövcud olan assosiasiyadır.
“Tədris prosesinin təşkili və həyata keçirilməsinə texnoloji yanaşma elmi və tədris mətn informasiyasının intellektual emalı prosesinin avtomatlaşdırılmasına imkan verən model və metodların işlənilməsini tələb edir”, – deyə bildirən məruzəçi bu istiqamətdə aparılan tədqiqatların nəticələrindən söz açdı.
Sonra institutun sektor müdiri İradə Ələkbərova “Emosiya informatikası: mətnin tonallığının analizi üsulları” mövzusunda məruzə ilə çıxış edərək emosiyanın insan hissiyyatının kompleks və mürəkkəb forması olduğunu bildirdi. İnsanın emosiyası, hisslərinin öyrənilməsi ilə bağlı müxtəlif sahələrdə elmi araşdırmalar toplusu olan emosiologiyanın İKT-nin inkişafı ilə tədricən informatikanın tədqiqat sahələrindən birinə çevrildiyini diqqətə çatdırdı. O, informasiya texnologiyalarında emosiyaların analizi ilə bağlı müxtəlif metod və modellərdən istifadə olunduğunu söylədi.
Məruzəçi mətnə verilən emosional qiymət olan mətnin tonallığını müəyyən edən faktorları təqdim edərək tonallığın analizi sahələri, mətndə emosiyaların verilməsi üsulları, emosiyaların analizində əsas istiqamətləri, o cümlədən mətnin tonallığının analizinə dair yanaşmaları diqqətə çatdırdı.
İ.Ələkbərova mətnin emosional tonallığını avtomatik müəyyənləşdirən sistemlər, o cümlədən bu sahədə keçirilmiş konfranslar, emosiyanın analizinə dair nəşrlər barədə də ətraflı məlumat verdi.
Sonra çıxış edən institutun əməkdaşı Kəmalə Qurbanova jest (işarə) dilinin tarixi, inkişaf mərhələləri və müasir vəziyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, insanlar arasında ünsiyyət fəaliyyətinin reallaşmasının ən mühüm vasitəsi dildir. Lakin dil yeganə ünsiyyət vasitəsi deyil. Belə ki, fikir ifadə olunarkən əl hərəkətləri və üzün mimikası ilə də informasiya ötürülür. Jest gözün ifadəsi, üzün mimikası, baş və bədən hərəkətlərinin məcmusu olub, jest nitqinin intuitiv seçilən vahididir.
Onun sözlərinə görə, jestlərin kombinasiyasından hazırlanmış müstəqil dil olan jest dilinin yaranma kökləri uzaq keçmişə bağlıdır. Belə ki, insanlar qədim zamanlardan fikri səslə yanaşı, jestlərlə də ifadə etməyə üstünlük verirlər. Bu dilin istifadəçilərini iki sinfə bölmək olar: eşitmə məhdudiyyəti olan insanların və səsli dillə danışan insanların jest dili.
K.Qurbanova bildirdi ki, jestlərlə ünsiyyət fiziki məhdudiyyəti olan insanlarla yanaşı, sağlam insanların da fikrini tamamlayır, aydınlaşdırır və dəqiqləşdirir. Bu səbəbdən ölkələr arasında jest dilinin kommunikasiyası, yəni qeyri-şifahi ünsiyyət metodunun müxtəlif millətlər üçün ortaq bir nöqtəyə gətirilməsi olduqca aktualdır. Bütün dünya üzrə eşitmə məhdudiyyətli insanların həyat şəraitini yaxşılaşdırmaq və başqa ölkələrə inteqrasiyasına nail olmaq üçün informasiya texnologiyaları sahəsində jest dili ilə bağlı fundamental tədqiqatların aparılması, müxtəlif sistemlərin qurulması zəruridir.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparıldı, irad, rəy və təkliflər səsləndirildi. Qərar alındı ki, təqdim edilən problemlərlə bağlı institutda elmi-tədqiqat işləri intensivləşdirilsin və dərinləşdirilsin.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.