Elmi fəaliyyətin bəzi göstəricilərinin qiymətləndirilməsi məsələləri tədqiq olunur

06 Yanvar 2026 - 11:20 | Konfranslar, İclaslar
Elmi fəaliyyətin bəzi göstəricilərinin qiymətləndirilməsi məsələləri tədqiq olunur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının struktur bölmələrin 2025-ci il üzrə hesabatlarına həsr olunmuş növbəti iclasında e-elmin formalaşması  və  elmmetriya  problemləri üzrə tədqiqatlar aparan şöbənin hesabatı dinlənilib. Hesabatı şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təqdim edib.

Alim əvvəlcə araşdırmalar aparılan elmi mövzular haqqında məlumat verib. O, “Sənaye 4.0” platformasında e-elm və e-təhsilin inteqrasiyasına dair elmi-metodoloji və praktiki problemlərin tədqiqi istiqamətində araşdırmaların aparıldığını qeyd edib. Şöbə müdiri araşdırmaların rəqəmsal inkişaf çağırışları əsasında e-elm və e-təhsil mühitinin inkişaf perspektivləri, həmçinin bu mühitdə süni intellektə əsaslanan innovasiyaların formalaşması və inkişafı məsələlərini əhatə etdiyini vurğulayıb.

Ramiz Alıquliyev şöbədə vətəndaş elmi layihələrində Industry 4.0 həllərinin tətbiqi üzrə tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Alimin sözlərinə görə, tədqiqatlar çərçivəsində böyük verilənlərlə xarakterizə olunan vətəndaş elmi problemlərində dərin təlim metodlarının tətbiqi, o cümlədən rəqəmsal və dayanıqlı inkişaf sahəsində vətəndaş elminin təsir imkanları araşdırılmışdır.

Şöbə müdiri cari ildə həmçinin “Elmi fəaliyyətin bəzi göstəricilərinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində tədqiqatların aparıldığını, bu istiqamətdə tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi metodlarının müqayisəli analiz olunduğunu və çoxmeyarlı qiymətləndirmə üçün metodun işlənildiyini vurğulayıb.

Alim hesabat dövrü ərzində şöbə əməkdaşları tərəfindən Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərdə, həmçinin respublika və beynəlxalq səviyyəli konfranslarda nəşr olunan məqalə və tezislər barədə məlumat verib.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev şöbə əməkdaşlarının elmi-praktik və innovativ, elmi-ekspertiza və elmi-təşkilati, pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, elmi kadrların hazırlanması, elmin təbliği və populyarlaşdırılması sahəsində görülmüş işlər haqqında da danışıb.

Hesabata dair AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, yeni reallıqlar kontekstində ölkə rəhbərliyinin çağırışlarından irəli gələrək şöbədə yeni elmi problemlərin müəyyənləşdirilməsinin, struktur bölmənin fəaliyyətinin yenidən qurulmasının zəruriliyini qeyd edib. Alim şöbənin elmi fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə bir sıra təklif və tövsiyələrini səsləndirib.

Elmi Şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə elmi fəaliyyəti qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.