ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında Big data analitikası və data mining problemləri üzrə tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə hesabatı müzakirə olunub.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi struktur bölmədə cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı yerinə yetirilmiş işləri diqqətə çatdırıb.
Dosent M.Hacırəhimova “Big data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metod və modellərin işlənməsi” mövzusunda aparılmış tədqiqatlar barədə məlumat verib. O, makrosəviyyədə intellektual potensialın müxtəlif göstəricilər üzrə analizi modelinin, o cümlədən e-dövlət reyestrlərində toplanmış məlumatlar əsasında intellektual potensialın müxtəlif göstəricilər üzrə dinamikasının tədqiqi və proqnozlaşdırılması alqoritmin işlənməsi istiqamətində aparılmış tədqiqatları və çap olunmuş elmi nəşrləri diqqətə çatdırıb. Həmçinin elektron tibbin formalaşması problemləri üzrə data elminin tətbiqi ilə ölkə üzrə tibbi kadr potensialının vəziyyətinin analizi və beynəlxalq səviyyədə müqayisələrin aparıldığını vurğulayıb.
M.Hacırəhimova şöbədə hesabat ilində Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri ilə bağlı tədqiqatların aparıldığını da qeyd edib. Bu istiqamətdə “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə neft yataqlarının neftvermə əmsalının proqnozlaşdırılması üçün maşın təlimi metodunun işlənməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Şöbə müdiri “E-dövlət platformasında Azərbaycanda intellektual potensialın əmək observatoriyasının formalaşdırılması problemləri” mövzusu üzrə tədqiqatların davam etdirildiyini, bu istiqamətdə data elminin tətbiqi ilə Azərbaycanın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərə olan tələb və təklifin mövcud vəziyyətinin analizi, intellektual potensial üçün əmək observatoriyasının konseptual və arxitektur-texnoloji əsaslarının işlənməsi ilə bağlı tədqiqatların aparıldığını vurğulayıb.
Məruzəçi hesabat ilində şöbənin əməkdaşları tərəfindən “Rəqəmsal platformada milli intellektual potensialın qiymətləndirilməsi metodunun işlənməsi”, “İntellektual insan resurslarının miqrasiyası məsələləri”, “Azərbaycan Respublikasında elmi kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi”, eləcə də “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” mövzuları üzrə tədqiqatların davam etdirildiyini bildirib.
Dosent M.Hacırəhimova cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə, respublika və beynəlxalq səviyyəli konfranslarda çap olunmuş məqalələr haqqında məlumat verib.
Şöbə rəhbəri həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği istiqamətində görülmüş işlərdən bəhs edib.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. O, şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu qeyd edərək, araşdırmaların daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb. Akademik, həmçinin şöbənin kadr potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.