Çin nəqliyyatın sürətli internetlə təmin olunması üçün orbitə peyklər buraxacaq

20 Fevral 2017 - 15:00 | Maraqlı məlumatlar
Çin nəqliyyatın sürətli internetlə təmin olunması üçün orbitə peyklər buraxacaq

Çin 2017-ci ildə nəqliyyatda, xüsusilə təyyarə və yüksəksürətli qatarlarda sürətli simsiz internetin təmin olunması üçün altı telekommunikasiya peykinin işə salınmasını həyata keçirməyi planlaşdırır.  Bu barədə “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyi məlumat verir.

İlk peyk – “Şizian-13”  aprel ayında “Çançjen-3B” raket-daşıyıcısının köməyi ilə Sıçuan əyalətinin kosmodromundan orbitə buraxılacaq. Peyk 15 il ərzində geostasionar orbitində yerləşəcək. O, Çinin digər telekommunikasiya peykləri ilə müqayisədə, ən böyük ötürücülük qabiliyyətinə və trafiki daha böyük sürətdə ötürmək imkanına malikdir.

Bundan sonra, ilin ortasında “Çançjen-5B” raket-daşıyıcısının köməyi ilə “Şiszyan-18” peyki orbitə buraxılacaq. Digər peyklərin orbitə buraxılma tarixi haqqında dəqiq məlumat verilmir.

Kosmik texnologiyalar üzrə Çin akademiyasının Telekommunikasiya peykləri departamentinin rəhbərinin sözlərinə görə, bu il ərzində, ümumilikdə altı yeni telekommunikasiya peykinin işə salınması Çin üçün mobil peyk rabitəsinin yaradılması perspektivlərinin yaxşılaşdırılmasına imkan verəcək.

Qeyd edək ki, yanvarın əvvəllərində telekommunikasiya texnologiyalarının sınaqdan keçirilməsi üçün peykin yeni nəslinin müvəffəqiyyətlə orbitə buraxılması həyata keçirilmişdi. Bu peyk, həmçinin məlumatların çoxtezlikli və sürətli ötürülməsinin yoxlanması məqsədilə peyk rabitəsinin təmin olunması üçün istifadə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.