Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir
1. Giriş
Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla, Azərbaycan Respublikasının bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaqdır. Bu məqsədlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda (bundan sonra – Konsepsiya) öz əksini tapmışdır. Konsepsiyada əsas hədəf qarşıdakı səkkiz-on ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. Belə inkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyalarıdır (bundan sonra – İKT). İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır.
Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.
İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaqdır. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.
Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” (bundan sonra – Milli Strategiya) hazırlanmışdır.
Bu Milli Strategiya Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin nəticələrinə əsaslanır. Əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. Cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra - BTİ), Avropa İttifaqının, UNESCO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü” nəzərə alınmaqla hazırlanmış Milli Strategiya Konsepsiyada İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.
2. Cari vəziyyət
Azərbaycan Respublikasında İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlətin xüsusi diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritetlərdən olduğu bəyan edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
2003-2013-cü illər ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. Məhz bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmağa başlanılmış və 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer almışdır. Ümumilikdə isə bu hesabatda Azərbaycan şəbəkə hazırlığı indeksi üzrə 144 ölkə arasında 56-cı yeri tutmuş və MDB ölkələri arasında liderlər qrupunda olmuşdur.
Bu illər ərzində sahə üzrə inkişafı təmin etmək üçün müvafiq hüquqi baza yaradılmış, bir çox vacib qanunlar və digər normativ hüquqi aktlar qəbul olunmuşdur.
2005-ci və 2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli 136s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı” İKT-nin inkişafı ilə bağlı əməli tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Bu hüquqi aktlar ölkəmizdə İKT-nin inkişafı üçün yeni imkanlar açmaqla yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən geniş istifadə etməsinə şərait yaratmışdır.
Son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilmişdir. Bu illər ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə hər üç ildə iki dəfə artaraq, 1,9 milyard ABŞ dollarını ötmüş, ÜDM-də payı 1,7%-ə, qeyri-neft ÜDM-də payı isə 3,3%-ə yüksəlmişdir. Sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun da 28%-i dövlət, 72%-i isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılmışdır. Özəl sektorun payı 2003-cü illə müqayisədə 67,3%-dən 80%-ə yüksəlmişdir.
MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur. Mobil şəbəkə genişləndirilmişdir. Respublikada mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır. Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür.
2013-cü ilin nəticələrinə görə Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir, o cümlədən onların 50%-i genişzolaqlı internet istifadəçisidir. İnternet qiymətləri ildən-ilə azalır, belə ki, 2004-cü illə müqayisədə 1 Mbit/s sürətli internetə qoşulmanın qiyməti 1200 manatdan 10 manata enmişdir. Ölkə üzrə genişzolaqlı xidmətlərə qoşulmanın orta qiyməti orta aylıq əməkhaqqının 3%-ni təşkil edir və bu da BTİ-nin inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması hədəfinə artıq nail olunması deməkdir.
Son beş ildə beynəlxalq internet kanalının tutumu 12,9 dəfə artaraq 200 Gbit/s-yə çatmış, internet xidmətləri bazarının həcmi təxminən 4 dəfə artmışdır.
2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılmışdır ki, bu da ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq kommersiya istismarına başlanılmışdır və o, yaradılmış infrastruktur vasitəsilə azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.
2015-ci ilə qədər rəqəmli yayıma keçidi təmin etmək barədə BTİ-nin tövsiyələrinə uyğun olaraq, ölkəmizdə aparılan işlər yekunlaşmaq üzrədir. Bu illər ərzində poçt sahəsində xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, sahə üzrə fəaliyyətin liberallaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. 2005-2010-cu illərdə Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası nəticəsində milli poçt operatoru “Azərpoçt” MMC-nin şəbəkəsindən istifadə olunmaqla ənənəvi xidmətlərlə yanaşı, poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilmişdir.
Azərbaycan Respublikasında kompyuter və elektron avadanlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə artır. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları (bundan sonra – İT) sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17% təşkil etmişdir.
Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Ölkədə ”elektron hökumət”in zəruri infrastrukturları yaradılmışdır. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılmışdır. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 saylı Fərmanı bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir.
Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğrultmuşdur.
Əldə olunmuş bu inkişafdan irəli gələrək, yaradılmış infrastrukturların, informasiya sistemlərinin, toplanılmış məlumatların mühafizəsinin təşkili, həmçinin bu imkanlardan vətəndaşların və digər istifadəçilərin sərbəst istifadəsinə şərait yaradılması baxımından informasiya təhlükəsizliyi məsələləri vacib əhəmiyyət kəsb edir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədi ilə ölkədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. Görülən işlərin davamlılığının təmin edilməsi və milli potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı genişlənir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət hesab edilmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Resurslarının İnkişafı Fondu vasitəsilə də İKT üzrə mütəxəssislərin hazırlığına dəstək verilir.
Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” yaradılmışdır. Bu yeni qurumlar Azərbaycan Respublikası iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə (“start-up”lara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edəcəklər.
Azərbaycan Respublikası bir çox regional layihələrin təşəbbüskarı və aktiv icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq informasiya magistralı”nın (Europe-Persia Express Gateway – EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaqdır.
İnternetdən geniş istifadə milli kontentin inkişafını şərtləndirmiş, dövlət orqanlarının, çoxsaylı hüquqi və fiziki şəxslərin, ictimai təşkilatların saytları yaradılmışdır. Sosial şəbəkələrdən, digər sosial media vasitələrindən istifadə geniş vüsət almış, ölkəmizin tarixinə, mədəniyyətinə, təhsilinə və digər sosial sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artmışdır. Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə imkanının genişləndirilməsi üçün ilk növbədə əhalinin İKT üzrə biliklərinin artırılması, görülən işlər və mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması, həmçinin informasiyanın əlçatarlığına şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti və güzəştli şərtlərlə kompyuterlərin əldə edilməsi imkanı yaradılmışdır.
Regionlarda müntəzəm olaraq İKT üzrə müxtəlif təlim kursları, seminarlar keçirilir. “Xalq kompyuteri” layihəsi çərçivəsində müəyyən sosial qruplara güzəştli şərtlərlə müxtəlif tipli 22 500 müasir kompyuter verilmişdir. Əldə olunan nailiyyətlərlə bərabər, ölkəmizdə informasiya cəmiyyəti quruculuğunu sürətləndirməklə İKT sektorunun inkişafına nail olmaq və sektoru ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevirməklə, Konsepsiyada müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün müəyyən addımların atılması zəruridir.
Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:
• ölkənin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişafı vacibdir;
• cəmiyyətin İKT-nin məhsul və xidmətlərinə artan tələbatı təmin olunmalıdır;
• iqtisadiyyatın real sektorlarında və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndirilməlidir;
• İKT sahəsində rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndirilməlidir;
• İKT sahəsinin normativ hüquqi bazası və dövlət tənzimlənməsi təkmilləşdirilməlidir;
• “elektron hökumət”in nüfuz dairəsi genişləndirilməli, göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə dairəsi artırılmalı və onların tam avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi təmin edilməlidir;
• dövlət idarəçiliyinin bütün səviyyələrində və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi genişləndirilməlidir;
• əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri, iqtisadiyyatın müxtəlif sahələri arasında İKT-dən istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır;
• sahənin yüksəkixtisaslı İKT mütəxəssislərinə olan ehtiyacı ödənilməlidir; • milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir;
• informasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın və maarifləndirmənin səviyyəsi artırılmalıdır; • ümumi daxili məhsulda İKT-nin payı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmalıdır;
• əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik səviyyəsi artırılmalıdır;
• görülən işlərə ictimai təşkilatların geniş cəlb edilməsi üçün tədbirlər görülməlidir.
3. Milli Strategiyanın məqsədi və əsas vəzifələri
3.1. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həlli vacibdir:
3.1.1. informasiya və telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının və ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi;
3.1.2. əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
3.1.3. informasiya cəmiyyəti şəraitində effektiv tənzimləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqlarının hərtərəfli və sərbəst təmin edilməsi;
3.1.4. rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması;
3.1.5. “elektron hökumət”in genişləndirilməsi və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi, elektron xidmətlərin yüksək keyfiyyətinə nail olunması;
3.1.6. informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği;
3.1.7. informasiya və telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi və ixtisaslı kadrların hazırlanması;
3.1.8. hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi;
3.1.9. dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi;
3.1.10. regional və beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi.
4. Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsipləri
4.1. İnformasiya cəmiyyətinin qurulması zamanı milli səviyyədə aşağıdakı prinsiplərə əməl olunmalıdır:
4.1.1. liderlik – dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının, təşkilat və müəssisələrinin rəhbərləri İKT-nin inkişafını və geniş tətbiqini öz fəaliyyətləri ilə bilavasitə təmin etməlidirlər;
4.1.2. bərabərlilik – cəmiyyətdəki mövqeyindən və mülkiyyət formasından asılı olmayaraq, prosesin bütün iştirakçılarının maraqları eyni dərəcədə nəzərə alınmalı, sosial ədalət prinsipi gözlənilməlidir;
4.1.3. şəffaflıq və cəlbolunma – həyata keçirilən fəaliyyət barədə ictimaiyyət geniş məlumatlandırılmalı, açıq ictimai müzakirələr təşkil edilməli və qərarların qəbulunda vətəndaşların, ictimai təşkilatların təklifləri nəzərə alınmalıdır;
4.1.4. əməkdaşlıq – həyata keçirilən fəaliyyətdə dövlət, biznes və vətəndaş cəmiyyəti tərəfdaşlığına xüsusi fikir verilməlidir;
4.1.5. maarifləndirmə – informasiya cəmiyyəti quruculuğuna geniş kütlələrin cəlb olunması, cəmiyyətin hər bir üzvünün bu prosesdə fəal iştirakının təmin edilməsi üçün bu texnologiyalara dair bilik və məlumatlar əhatəli şəkildə əhaliyə çatdırılmalıdır;
4.1.6. sosialyönlülük – vətəndaşların sosial maraqlarının qorunması, hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılması əsas götürülməlidir;
4.1.7. millilik – ölkədə yaşayan bütün xalqların mənafeyi nəzərə alınmaqla, milli informasiya resurslarının inkişafına, elmi və mədəni irsin müasir texnologiyalar vasitəsilə qorunmasına, yerli İKT sənayesinin inkişafına, yerli istehsalçıların maraqlarına üstünlük verilməlidir;
4.1.8. mərhələlilik – İKT-nin sürətli inkişafını nəzərə alaraq və mövcud imkanlardan səmərəli istifadəni təmin etmək məqsədi ilə fəaliyyət ardıcıl və mərhələlərlə həyata keçirilməli, proqram və layihələr hazırlanarkən prioritetlər, maliyyə və nəticələrin qısa müddətdə əldə edilməsi əsas götürülməlidir;
4.1.9. innovativlik – elmi-texniki tərəqqinin yenilikləri nəzərə alınmalı, müasir elmi tədqiqatların aparılmasına diqqət artırılmalıdır;
4.1.10. beynəlxalq əməkdaşlıq – qlobal informasiya cəmiyyəti quruculuğunda, İKT sahəsi ilə bağlı beynəlxalq layihələrin həyata keçirilməsində ölkəmiz fəal iştirak etməli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq genişləndirilməli, həyata keçirilən fəaliyyətin ümumdünya informasiya cəmiyyətinin inkişafı ilə sıx əlaqəsi təmin olunmalıdır.
5. İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu
5.1. İnformasiya cəmiyyətinin qurulmasında dövlət aparıcı rol oynayır və öz fəaliyyətində, əsasən, aşağıdakıları təmin edir:
5.1.1. informasiya cəmiyyətinin inkişafı üzrə əsas tədbirlərin işlənib hazırlanmasını, onların yerinə yetirilməsində biznes və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı;
5.1.2. ölkənin davamlı və hərtərəfli inkişafına təsir edən və daha çox sosial-siyasi əhəmiyyəti olan fəaliyyətin reallaşdırılması üçün maliyyələşdirmənin təmin edilməsini;
5.1.3. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafını xarakterizə edən göstəricilərin müəyyənləşdirilməsini;
5.1.4. İKT-nin inkişafı və onlardan istifadə ilə bağlı mövcud qanunvericiliyin inkişaf etdirilməsini və mütəmadi olaraq təkmilləşdirilməsini;
5.1.5. elm, təhsil və mədəniyyətin sürətli inkişafını, elmtutumlu informasiya və telekommunikasiya texnologiyaları məhsullarının yaradılmasını və istehsalı üçün əlverişli şəraitin formalaşdırılmasını;
5.1.6. “elektron hökumət”in inkişafını, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasını;
5.1.7. vətəndaşların informasiya əldə etməsi üçün bərabər imkanların və onların münasibliyinin təmin olunmasını;
5.1.8. müəlliflik hüququnun və intellektual mülkiyyətin qorunmasını;
5.1.9. ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsini;
5.1.10. dövlət qulluqçularının və əhalinin kompyuter savadlılığı səviyyəsinin yüksəldilməsini;
5.1.11. dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında İKT-nin imkanlarından istifadə edilməsini;
5.1.12. qlobal informasiya məkanına inteqrasiya üçün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin genişləndirilməsini.
6. Milli Strategiyanın əsas istiqamətləri
6.1. Milli Strategiyanın prioritet istiqamətləri Konsepsiyaya uyğundur və aşağıdakılardan ibarətdir:
6.1.1. İKT infrastrukturu və xidmətləri;
6.1.2. yüksək texnologiyalar sektorunun inkişafı;
6.1.3. yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi;
6.1.4. “elektron hökumət”in inkişafı;
6.1.5. İKT - cəmiyyətin inkişaf amili kimi;
6.1.6. kadr hazırlığı;
6.1.7. informasiya təhlükəsizliyinin təmin edilməsi;
6.1.8. milli kontentin inkişaf etdirilməsi.
7. İKT infrastrukturu və xidmətləri
7.1. İKT infrastrukturuna və xidmətlərinə universal, hər yerdən ədalətli və münasib qiymətlərlə çıxışın təmin edilməsi informasiya cəmiyyətinin əsas məsələlərindən biridir. Yüksəkkeyfiyyətli genişzolaqlı şəbəkə infrastrukturunun qurulması və onun əsasında təhlükəsiz, ucuz, keyfiyyətli İT xidmətlərinin təqdim olunması, əhalinin bu xidmətlərə çıxış imkanlarının yaradılması, cari və gələcək tələbatı nəzərə almaqla, beynəlxalq internet magistrallarına alternativ və təhlükəsiz birləşmələrin təmin olunması, regional data-mərkəzlər şəbəkəsinin genişləndirilməsi, müvafiq sahədə bazarın liberallaşdırılması bu strateji istiqamətin əsas tərkib hissələrindəndir.
7.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
7.2.1. yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması və onun əsasında, kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi;
7.2.2. Azərbaycan Respublikasının təşəbbüskarı olduğu və iştirak etdiyi regional infrastruktur layihələrinin reallaşdırılmasını sürətləndirməklə, tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi;
7.2.3. əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması;
7.2.4. milli telekommunikasiya peyk xidmətlərinin genişləndirilməsi, ucqar və əhalisi az olan yaşayış məntəqələrinin yüksəksürətli peyk rabitəsi ilə əhatə olunması;
7.2.5. İKT xidmətlərinin istehsalı, rəqabətlilik və açıq bazar prinsipləri əsasında inkişaf etdirilməsi, bu xidmətlərə tələbatın formalaşdırılması;
7.2.6. genişzolaqlı internetin universal xidmətlər siyahısına daxil edilməsi.
8. Yüksək texnologiyalar sektorunun inkişafı
8.1. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi, ölkədə dünya səviyyəsinə uyğun elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların tətbiqini təmin edən innovasiya sisteminin formalaşdırılması bu istiqamətin əsas məqsədlərindəndir.
8.2. Bu istiqamət üzrə aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur: 8.2.1. innovativ, elmi-texniki fəaliyyətin və modernləşmə proseslərinin dəstəklənməsi, dövlət siyasəti alətlərinin səmərəliliyinin artırılması;
8.2.2. rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırılması, bu sahədə azad və şəffaf rəqabət şəraitinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılması;
8.2.3. investisiyaların və intellektual mülkiyyətin qorunması üçün qanunvericiliyin təkmilləşdirilməsi;
8.2.4. İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət və ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların idxalının genişləndirilməsinə əlverişli mühit yaradılması məqsədi ilə xüsusi vergi və gömrük rejimlərinin tətbiq olunması;
8.2.5. innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və onların dünya bazarlarına çıxışına dəstək verən tədbirlərin genişləndirilməsi;
8.2.6. yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının və digər innovasiya strukturlarının inkişaf etdirilməsi;
8.2.7. yüksək texnologiyaların, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi;
8.2.8. Azərbaycan Respublikasının regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətlərinin genişləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi;
8.2.9. biznes sektorunda İKT-nin tətbiqinin genişləndirilməsi və internet iqtisadiyyatının, o cümlədən elektron ticarətin inkişaf etdirilməsi;
8.2.10. informasiya cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılmasının genişləndirilməsi;
8.2.11. İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrin dəstəklənməsi.
9. Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi
9.1. Yüksək texnologiyalar sektorunun rəqabətqabiliyyətli inkişafı üçün elmi-texniki potensialın gücləndirilməsi, bu sektor ilə elmi tədqiqatlar arasında əlaqənin möhkəmləndirilməsi, dünya təcrübəsindən istifadə etməklə informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması bu istiqamətin əsas məqsədlərindəndir.
9.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
9.2.1. yüksək texnologiyaların inkişafına yönəldilmiş fundamental və tətbiqi, o cümlədən kosmik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək texnologiyaların digər istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi;
9.2.2. texnoloji inkişaf və modernləşmə üzrə dövlət, elm, təhsil və biznes səylərinin birləşdirilməsi və əlaqələrin gücləndirilməsi, innovativ inkişaf mühitində yeni tərəfdaşlığın formalaşdırılması;
9.2.3. yüksək texnologiyalar sahəsində elmi fəaliyyətin səmərəliliyinin artırılması və özəl sektorda yüksək texnologiyalar üzrə elmi tədqiqatların aparılmasına şəraitin yaradılması və stimullaşdırılması;
9.2.4. yüksək texnologiyaların sosial-iqtisadi inkişafa təsirinin öyrənilməsi və gücləndirilməsi istiqamətində elmi-texniki tədqiqatların aparılması;
9.2.5. elmi tədqiqatların səmərəliliyinin yüksəldilməsi və infrastrukturunun inkişaf etdirilməsində İKT-nin tətbiqinin genişləndirilməsi.
10. “Elektron hökumət”in inkişafı
10.1. Dövlət orqanlarında müasir İKT-nin tətbiqi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması, vətəndaşların dövlət idarəçiliyində iştirakı üçün münasib şəraitin yaradılması bu istiqamətin əsas məqsədlərindəndir.
10.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
10.2.1. “elektron hökumət” infrastrukturu tələbata uyğun inkişaf etdirilməklə, dövlət orqanları arasında səmərəli və təhlükəsiz informasiya mübadiləsinin təmin olunması;
10.2.2. dövlət orqanlarında informasiya ehtiyatlarının müəyyənləşdirilmiş tələblərə və standartlara uyğun olaraq elektron formaya keçirilməsi və bunun əsasında “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə elektron xidmətlərin göstərilməsi;
10.2.3. sosial-iqtisadi inkişafın prioritet sahələrində, o cümlədən kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrdə İKT və elektron hökumət həllərinin tətbiqinin genişləndirilməsi;
10.2.4. dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişləndirilməsi və sənədlərlə elektron formada işi təmin etmək üçün digər zəruri sistemlərin (arxivləşdirmə, təhlillər, hesabatlar və s.) tətbiqinin təmin edilməsi;
10.2.5. dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi;
10.2.6. “Elektron hökumət” portalının inkişaf etdirilməsi, o cümlədən “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, “mobil hökumət” texnologiyalarının tətbiqi;
10.2.7. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili;
10.2.8. elektron xidmətlərin əlçatarlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi;
10.2.9. elektron və mobil imzanın, həmçinin elektron ödənişin tətbiqinin genişləndirilməsi;
10.2.10. vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi;
10.2.11. əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İKT biliklərinin artırılması üçün keçirilən təlimlərin genişləndirilməsi.
11. İKT - cəmiyyətin inkişaf amili kimi
11.1. E-təhsil. Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompyuter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir.
11.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
11.2.1. milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması;
11.2.2. təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi;
11.2.3. bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi;
11.2.4. mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi;
11.2.5. təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili;
11.2.6. İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi;
11.2.7. vahid milli təhsil portalının fəaliyyətinin genişləndirilməsi və elektron resurslarla zənginləşdirilməsi;
11.2.8. İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi.
11.3. E-səhiyyə. İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi, tibb işçilərinin və pasiyentlərin İKT imkanlarından istifadə etməklə ən son tibbi informasiya və məlumatları əldə etmələrinin təmin olunması, hamı üçün vaxtında, əlçatar və effektiv tibbi xidmətin inkişafına töhfə verilməsi bu istiqamətin əsas məqsədlərindəndir.
11.4. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
11.4.1. bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;
11.4.2. elektron sağlamlıq kartı sisteminin inkişaf etdirilməsi və bütün yaş qruplarının elektron sağlamlıq kartları ilə təmin olunması;
11.4.3. tibbi informasiya sistemlərinin tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə əlaqələndirilməsi;
11.4.4. ümumi istifadə üçün tibbi resursların yaradılması;
11.4.5. telesəhiyyənin inkişaf etdirilməsi;
11.4.6. tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması.
11.5. E-vətəndaş. Yaşından, yaşadığı ərazidən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şəraitin yaradılması, məqsədli təlim proqramları vasitəsilə əhalinin İKT savadlılığının artırılması, vətəndaşların, xüsusilə də aztəminatlı sosial qrupların İKT-dən bəhrələnməsi üçün onlara müasir texnologiyalardan istifadə üzrə bilik və bacarıqların öyrədilməsi bu istiqamətin əsas məqsədlərindəndir.
11.6. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
11.6.1. cəmiyyətin bütün üzvləri, xüsusilə də ucqar kənd yaşayış məntəqələrində yaşayan və ya xüsusi tələbləri olan insanların kompyuterdən, internet xidmətlərindən, “E-hökumət” portalından istifadə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi;
11.6.2. kütləvi və məqsədli İKT aksiyaları və təlimlər keçirməklə, bütün vətəndaşlar, biznes qurumları və dövlət tərəfindən İKT biliklərinə yiyələnmənin stimullaşdırılması və hər bir fərdin informasiya cəmiyyətinin aktiv qurucusu olması üçün tədbirlər görülməsi;
11.6.3. kiçik və orta sahibkarların biznes proseslərində İKT-ni tətbiq etmələrinə və İKT vasitəsilə üstünlük əldə edilməsinə kömək göstərilməsi;
11.6.4. teleişin tətbiqinin genişləndirilməsi.
12. Kadr hazırlığı
12.1. İKT sahəsinin inkişaf hədəfləri nəzərə alınmaqla, sektorun tələbatına uyğun təhsilin müxtəlif səviyyələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması bu istiqamətin əsas məqsədlərindəndir.
12.2. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:
12.2.1. ölkənin milli rəqabət qabiliyyətinin artırılması və İKT sənayesinin ixrac potensialının genişləndirilməsi üçün insan potensialının və ilk növbədə yüksək intellektual əmək bazarının formalaşdırılması;
12.2.2. ali təhsilin, peşə-ixtisas müəssisələrində İKT üzrə ixtisasların, tədris planlarının, mütəxəssis hazırlığı proqramlarının mütəmadi olaraq aktuallaşdırılması və İKT sahəsinin tələblərinə uyğunlaşdırılması;
12.2.3. İKT sektorunun rəqabətədavamlılığını təmin edən məhsul və xidmətlərin yaradılması və istehsalı üzrə kadr hazırlığının gücləndirilməsi;
12.2.4. İKT-nin prioritet istiqamətləri üzrə xarici ölkələrdə kadr hazırlığının davam etdirilməsi;
12.2.5. İKT ixtisasları üzrə tədris kafedralarının texniki bazasının gücləndirilməsi və müasirləşdirilməsi, elektron tədris resurslarının inkişaf etdirilməsi, tələbə və müəllimlərin dünyanın aparıcı elm və təhsil resurslarına çıxışının təmin olunması;
12.2.6. İKT-nin prioritet istiqamətləri üzrə elmi kadr hazırlığının genişləndirilməsi;
12.2.7. beynəlxalq sertifikata malik İKT üzrə mütəxəssislərin hazırlanmasının dəstəklənməsi.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.ikt.az saytına istinad zəruridir.