AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirdi ki, cari ildə rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində audio-video texnologiyaları və elektron tullantıların elmi və sosial-iqtisadi problemlərinin bir sıra aspektləri üzrə araşdırmalar davam etdiriləcək. Belə ki, qeyd edilən problemlər üzrə “Azərbaycanda informasiya cəmiyyətinin audiovizual fəzalarının formalaşdırılmasının konseptual əsasları” və “Azərbaycanda elektron tullantıların idarə edilməsinin konseptual əsasları” mövzularında tədqiqat işlərinin aparılması planlaşdırılır.
B.Ağayev həmçinin “Çap qurğuları kartriclərinin təhlükəsiz doldurulması və utilizasiyası texnologiyasının işlənməsi. AMEA-da tətbiqi üçün layihənin işlənməsi” mövzusu üzrə araşdırmaların aparılacağını diqqətə çatdırdı. Bu işin nəticələrinə görə, AMEA-nın bütün qurumlarında istifadə edilən müxtəlif tipli çap qurğularının kartriclərinin təhlükəsiz doldurulması və utilizasiyası məqsədilə xidmət sahəsinin təşkil edilməsinin planlaşdırıldığını söylədi. Bildirdi ki, qeyd olunan proses insan sağlamlığına zərərli təsirin aradan qaldırılması üzrə beynəlxalq standartların tələblərinə uyğun aparılacaq.
B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirak, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi planlaşdırılır.
Məruzəçi elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda iştirak, Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və innovativ layihələrin КİV-də təbliği, İKT üzrə gənc kadrların hazırlanması və s. ilə bağlı görüləcək işlərdən də danışdı.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Audio-video texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə aparılan tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, hər iki istiqamət üzrə dünya təcrübəsi və qanunvericilik bazasının, yeni texnologiyaların öyrənilməsi zəruridir. E-dövlət mühitində hökumət-vətəndaş, hökumət-biznes, vətəndaş-biznes münasibətlərinin formalaşmasında mühüm rol oynayan audio-video texnologiyalarının tətbiqi də insanların həyat fəaliyyətinin yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir. Akademik həmçinin elektron tullantıların zərərli təsirləri barədə maarifləndirmə işlərinin aparılması və bu sahədə müvafiq qurumlarla birgə fəaliyyətin vacibliyini vurğuladı. Cari ildə qeyd edilən mövzuların konseptual əsasları ilə bağlı tədqiqat işlərinin başa çatdırılmasına dair tapşırıqlar verdi.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.