İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri üzrə elmi tədqiqatlar davam etdiriləcək

23 Yanvar 2017 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirib ki, il ərzində informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasının elmi-nəzəri əsasları üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Ə.Əliyev şöbədə informasiya cəmiyyəti iqtisadiyyatının kompozit indeksinin onun formalaşmasına təsir edən faktorlardan asılılığının ekonometrik modelinin işlənilməsi istiqamətində işlərin davam etdirildiyini və 2017-ci ildə də bu istiqamətdə araşdırmaların aparılmasının aktuallığını vurğulayıb. Məruzəçi qeyd edib ki, informasiya cəmiyyəti iqtisadiyyatının yaşıllaşdırılması prosesinə təsir edən amillərin ekonometrik modelinin işlənilməsi də nəzərdə tutulan elmi-praktiki işlər arasındadır.

Şöbə müdiri innovativ struktur olan texnoparkların fəaliyyətinin bəzi idarəetmə modellərinin işlənilməsi və eksperimental nəticələrin analizinin həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb edən elmi araşdırmalardan olduğunu diqqətə çatdırıb.  

Ə.Əliyev elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirib ki, şöbənin cari ildə dövlət proqramları və milli fəaliyyət planlarının institutla əlaqədar müvafiq bəndlərinin icrasında və ölkədə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirakı nəzərdə tutulur. Şöbə müdiri “Horizon 2020” proqramı çərçivəsində beynəlxalq qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılacağını da nəzərə çatdırıb.

Məruzəçi, həmçinin institutda magistratura pilləsi üzrə təhsil alan tələbələr üçün şöbədə bir sıra innovativ fənn proqramlarının işlənməsi və tədrisinin nəzərdə tutulduğunu söyləyib.

Ə.Əliyev 2017-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşri və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrün iqtisadiyyatının elm, bilik, texnologiya və İKT-yə əsaslandığını qeyd edərək bu iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan fərqli cəhətlərindən söz açıb.

Alim yeni dövr iqtisadiyyatının formalaşmasına təsir edən elmi-nəzəriyyə və yanaşmaların analizinin aparılmasının vacibliyini vurğulayıb. O, eyni zamanda müasir dövrdə iqtisadi qanunauyğunluqların müəyyənləşməsində ekonometrik metodlarla yanaşı, viki, bulud, grid, big data texnologiyalarından yararlanmağın zəruriliyini vurğulayıb.

Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.