Yanvarın 18-də AMEA-nın Rəyasət Heyətinin iclasında İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan AMEA-nın elmi müəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti haqqında hesabat dinlənilib.
Hesabatı təqdim edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Vikipediya virtual ensiklopediyasında Azərbaycanın yüksək səviyyədə təmsil olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik vurğulayıb ki, AMEA Rəyasət Heyəti Akademiyanın elmi müəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyətini daim diqqət mərkəzində saxlayır və lazımi dəstək verir: “15 yanvar 2014-cü il tarixində Rəyasət Heyəti tərəfindən Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında qərar qəbul edilib, həmin vəzifələrin icrası üçün Akademiyanın bütün elmi müəssisə və təşkilatlarında viki-qrupların, İnformasiya Texnologiyaları İnstitutunda Viki Mərkəzin yaradılmasına dair göstəriş verilib. AMEA Rəyasət Heyətinin 4 fevral 2016-cı il tarixli qərarında isə Vikipediya ensiklopediyası ilə bağlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub”.
Akademik bildirib ki, Mərkəz tərəfindən Viki-qrupların üzvlərinə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda təlim kursları keçirilib, ümumilikdə, həmin kurslarda 123 alim və mütəxəssis iştirak edib. Həmçinin Vikipediyanın Azərbaycan seqmentində mövcud problemləri həll etmək və inkişafa nail olmaq üçün bu sahədə aktiv fəaliyyət göstərən, qısa müddət ərzində müəyyən nəticələr əldə edən ölkələrin təcrübəsi öyrənilib, müvafiq təhlillər aparılıb. Bundan başqa, Vikipediyanın Azərbaycan, ingilis, rus, türk dili seqmentlərində xalqımızın maraqlarına zidd olan kontentlərin müntəzəm monitorinqi və analizi aparılıb.
Akademik Rasim Əliquliyev vurğulayıb ki, müxtəlif təşkilatların və şəxslərin müraciətləri əsasında onlara Vikipediyada işləmək qaydaları öyrədilib, qarşılaşdıqları problemlərin həlli yolları göstərilib, lazımi məsləhətlər verilib, Azərbaycanın görkəmli şəxslərinin səhifələrinin yaradılmasına, kitablarının yerləşdirilməsinə yardım edilib. Eləcə də, viki-texnologiyalardan istifadə etməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün viki-mühitin zəruri kontent təminatı həyata keçirilib. Vikipediya virtual ensiklopediyasının Azərbaycan cəmiyyətində tanınması üçün müxtəlif konfrans, forum, televiziya və radio kanallarında, çap və elektron media resurslarında təbliğat-təşviqat işləri aparılıb. Bunlarla yanaşı, Vikipediya resurslarında toplanmış qeydiyyat məlumatlarının analizi (vikimetriya) aparılıb, gizli sosial şəbəkələr aşkarlanaraq təhlil olunub. Tədqiqatların nəticələri kimi nüfuzlu elmi jurnallarda 20 məqalə nəşr olunub, 12 tezis hazırlanıb və müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfranslarda təqdim edilib. Bunlardan başqa, üç kitab nəşr olunub.
Görülən işlərin təqdimatından sonra akademik Rasim Əliquliyev Vikipediya ensiklopediyasının Azərbaycan seqmentinin formalaşması sahəsində mövcud olan problemləri diqqətə çatdırıb. Qeyd edib ki, viki-mühitdə Azərbaycan haqqında məlumatlar yetərincə deyil, bəzi hallarda isə həqiqəti əks etdirmir, qərəzli xarakter daşıyır: “İngilis, rus və digər geniş yayılmış dillərdə də Azərbaycan haqqında obyektiv məlumatlar çox azdır. Müəyyən məkrli qüvvələr bu boşluqdan istifadə edərək ölkəmizə qarşı dezinformasiya yayır, informasiya müharibəsi aparırlar. Azərbaycanla bağlı materialları Vikipediya ensiklopediyasına daxil edən aktiv istifadəçilərin sayı isə yetərincə deyil və onların fəaliyyəti pərakəndə xarakter daşıyır, hətta bəzi administratorların, aktiv istifadəçilərin fəaliyyətinin və mövqeyinin obyektiv reallıqları milli maraqlarımızı əks etdirmir”.
Akademik daha bir mühüm problem kimi Vikipediya ensiklopediyasında Azərbaycanla bağlı məlumatların, həqiqətlərin düzgün təqdim olunması istiqamətində, dezinformasiyalara qarşı mübarizədə ziyalıların, mütəxəssislərin, elm, təhsil, mədəniyyət müəssisələri əməkdaşlarının fəaliyyətinin lazımi səviyyədə olmadıqlarını, onların viki-layihələrdə çalışmaq, zəruri məlumatları bu mühitə daxil etmək üçün müəyyən biliklərə və vərdişlərə yiyələnmədiklərini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Vikipediya ensiklopediyasında Azərbaycanla bağlı məlumatların digər dillərdə təqdim olunması işlərində xarici ölkələrdə yaşayan soydaşlarımızın, fəaliyyət göstərən diaspor təşkilatlarımızın imkanlarından lazımi səviyyədə istifadə olunmur.
Akademik Rasim Əliquliyev göstərilən problemlərin aradan qaldırılması üçün alim və mütəxəssislərin Vikipediya ensiklopediyasında fəal olmalarının, orta və ali məktəblərdə müvafiq biliklərin tədris edilməsinin, Vikipediyanın Azərbaycan bölməsində fəaliyyət göstərən administratorların və aktiv istifadəçilərin fəaliyyətinin koordinasiya olunmasının, kontentlərin zənginləşdirilməsi və dünyanın aparıcı dillərinə tərcümə edilərək yerləşdirilməsinin vacibliyini vurğulayıb: “Bütövlükdə, viki-layihələrin geniş miqyasda həyata keçirilməsi, Azərbaycanın Vikipediya ensiklopediyasında yüksək səviyyədə təmsil olunması, milli maraqlarımızın lazımınca qoruması üçün biznes-vətəndaş cəmiyyəti əməkdaşlığına, həmçinin inzibati, texniki və maliyyə dəstəyinə ehtiyac vardır”.
Daha sonra hesabat haqqında müzakirə aparılıb və təsdiq edilib. Həmçinin qərara alınıb ki, AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilsin, o cümlədən kontent təminatı işi sürətləndirilsin, KİV-də müvafiq təbliğat-təşviqat işləri intensivləşdirilsin və viki-qrupların maddi-texniki təminatı gücləndirilsin. Bundan başqa, Viki Mərkəz tərəfindən həyata keçirilən elmi tədqiqatlar və təlim kursları davam etdirilsin, Akademiyanın Naxçıvan və Gəncə bölmələrində, Şəki və Lənkəran regional elmi mərkəzlərində fəaliyyət göstərən viki-qrup üzvlərinə müvafiq təlim kursları təşkil olunsun.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.