İnsanlar və robotların münasibətləri qanunla tənzimlənəcək

18 Yanvar 2017 - 09:36 | Maraqlı məlumatlar
İnsanlar və robotların münasibətləri qanunla tənzimlənəcək

Avropa Parlamentinin hüquqi məsələlər üzrə komitəsi insanla robotların qarşılıqlı təsiri sferasının tənzimlənməsi üçün etik davranış kodeksinin hazırlanması təşəbbüsünü müsbət qarşılayıb.

naked-science.ru saytının məlumatına görə, təklifin müzakirəyə çıxarılmasına Avropa Parlamentinin Lüksemburqdan olan üzvü Madi Delvonun məruzəsi səbəb olub. Onun fikrincə, robot texnikasının inkişafı, onun həyatın müxtəlif sferalarına nüfuz etməsi insanın təhlükəsizliyinin təmin olunması üçün hüquqi bazanın formalaşdırılmasını tələb edir. Bundan başqa, kodeks sferanın iqtisadi potensialından tam istifadəyə imkan verəcək.

Belə ki, robotlar tərəfindən vəzifəli, hüquqi və fikizi şəxslərə vurulan sosial, ekoloji, eləcə də fiziki ziyana görə məsuliyyəti müəyyənləşdirən etik davranış kodeksinin hazırlanması təklif edilir. Sənədin müddəalarından birində istehsalçılara maşının konstruksiyasında onun fövqəladə hallarda tam deaktivasiya edilməsi üçün xüsusi düymənin nəzərdə tutulması barədə tövsiyə yer alacaq.

Kodeksin icra vəziyyətini yeni struktur – robot texnikası və süni intellekt üzrə Avropa agentliyi izləyəcək. İdarə müvafiq sahənin texniki, normativ-hüquqi və etik ekspertizası ilə məşğul olacaq. Uzunmüddətli perspektivdə təşəbbüs “elektron şəxsiyyətlər”in qeydiyyatına imkan verir ki, bu da ən mürəkkəb avtonom robotların hüquqi statusunu müəyyənləşdirməyə kömək edəcək.

Səsvermənin nəticələrinə əsasən, məruzə 17 səs toplayıb, 2 deputat əleyhinə səs verib, 2 deputat isə bitərəf qalıb. Avropa Parlamenti təşəbbüslə bağlı son qərarı tam tərkibdə fevralda keçirilməsi gözlənilən iclasda verəcək. Sənəd təsdiq olunarsa, qanunvericilik statusu alacaq və ilk növbədə sürücüsüz nəqliyyat sferasına şamil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.