Görmə imkanı məhdud insanlar üçün ilk planşet təqdim olunub

17 Yanvar 2017 - 16:33 | Texnoloji yeniliklər
Görmə imkanı məhdud insanlar üçün ilk planşet təqdim olunub

Beynəlxalq “BLITAB” startapı çərçivəsində hazırlanan görmə imkanı məhdud insanlar və zəif görən istifadəçilər üçün nəzərdə tutulmuş ilk planşet yanvar ayında Las-Veqasda keçirilən “CES 2017” sərgisində təqdim olunub.

hitech.newsru.com saytının məlumatına görə, “BLITAB”ın aşağı hissəsi adi Android-planşet, yuxarı hissəsi isə mikroflyuid prinsipi üzrə işləyən Brayl ekranından ibarətdir: kanallar üzrə hərəkət edən maye toxunmaqla hiss olunan nöqtələrdən ibarət təsviri səthdə formalaşdıraraq ekranın membranına təzyiq göstərir. Bu zaman ekran yalnız mətni deyil, həm də daha mürəkkəb informasiyanı, məsələn, ərazinin xəritəsini və ya təsvirləri əks etdirir. Ekranın aktivləşdirilməsi üçün qurğunun yan hissəsində yerləşdirilmiş düyməni sıxmaq kifayətdir.

Hazırda bir çox Brayl ekranları mövcuddur, lakin onların səthindəki nöqtələr pyezoelementlərin köməyilə formalaşdırılır. Bu texnologiya sayəsində ekranlar çox böyük və bahalı (təxminən 5 min ABŞ dolları) olur. Bundan başqa, Brayl ekranları stasionar qurğulardır, çünki yalnız fərdi kompüterə qoşulduqda işləyirlər.

“BLITAB”da tətbiq edilən texnologiyada isə bu kimi çatışmazlıqlar aradan qaldırılıb. Planşet nisbətən yığcamdır və onun qiyməti təxminən 500 ABŞ dolları təşkil edir. İstehsalçılar tezliklə ilkin sifarişlərin qəbuluna başlamağı planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.