2027: 10 il sonra yaşadığımız evlər necə olacaq?

13 Yanvar 2017 - 17:10 | Texnoloji yeniliklər
2027: 10 il sonra yaşadığımız evlər necə olacaq?

Ötən əsrin insanları gələcəyin evlərini necə görürdü? XXI əsr insanını öz sahiblərinin əmrlərini itaətkarlıqla yerinə yetirən insanabənzər robotlar əhatə etməli idi. Lakin sadəlövh futurizm konsepsiyaları reallaşdırılmadı. Müasir tendensiyalar və reallıqdan uzaqlaşmadan ən yaxın gələcəyə – qarşıdakı 10-20 ilə baş çəkək. “Ağıllı” evlər əlçatan olacaqmı? Onların sizdən də yan keçməyəcəyinə inanmaq üçün əsaslar varmı?

Qadcet-ev

Artıq təəccüblü deyil ki, bizi əhatə edən adi əşyalar da ağıllanaraq smart-qurğulara çevriləcək. Mənzillərimiz tezliklə böyük qadcet qurğu funksiyasını yerinə yetirəcək. Əminliklə demək olar ki, 10 il bundan sonra biz ev alanda və ya kirayələndə, ilk növbədə onun əməliyyat sistemi ilə maraqlanacağıq. Biz evimizin təkcə idarə edilməsini istəmirik, həm də istəyirik ki, ev gündəlik adət və istəklərimizi anlasın və bizim üçün rahat mühit yaratsın.

naked-science.ru saytının məlumatına görə, yaxın onillikdə evlər İnternetə çıxışı olan smart-ütü, smart-qəhvə üyüdən, smart-soyuducu və digər “ağıllı” qurğularla dolu olacaq. Onlar şəbəkə vasitəsilə lazımi məlumatları əldə edərək evi məsafədən – səs, jest və əmrlərlə idarə edəcəklər. Məsələn, soyuducuda problem yarandıqda o, səbəbi özü müəyyən edərək bu haqda xidmət mərkəzinə məlumat verəcək. Beləliklə, Əşyaların İnterneti reallıq olacaq.

Bu sahədə lokomotiv şirkətlərdən olan, dünya üzrə prosessorların aparıcı istehsalçısı “Intel” şirkəti CES 2017 sərgisində Əşyaların İnterneti sferasında yenilik təqdim edib. Compute Card modul hesablama platforması bank kartları ölçüsündədir. Qurğu tamqiymətli sistem blokdur və istənilən “ağıllı” qurğunun “beyni” ola bilər. Artıq hər hansı qurğu xarab olanda onun yenisini almaq məcburiyyətində qalmayacaqsınız, sadəcə onun “ağıllı” içliyini dəyişdirəcəksiniz. Bu, adi mobil telefonun akkumlyatorunu dəyişdirmək qədər asan olacaq.

Gələcəkdə siz “həmişə evdə olacaqsınız”. Giriş qapıları videokamera, mikrofon və dinamiklə təchiz ediləcək. Siz evdə olmadıqda smartfonunuzun ekranında qapının zəngini kimin basdığını görəcəksiniz.  Kuryer sizə bağlama gətirib və siz 5 dəqiqəlik çörək almağa getmisinizsə, ona artıq evə yaxınlaşmaqda olduğunuzu xəbər verə biləcəksiniz.

“Ağıllı” mebel

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən dəyişikliklər mebellərdən yan keçə bilməz. Məsələn, “ağıllı” Sleep Number 360 ikinəfərlik çarpayısı zahirən oxşar mebellərdən heç də fərqlənmir. Onun “ağıllı” içliyi mebelin daxilində gizlədilmişdir. Mütəxəssislərin bildirdiyinə görə, gələcəyin mebeli heç kəsi texnoloji dizayn baxımından təəccübləndirməməlidir.

Olduqca rahat Sleep Number 360 çarpayısı döşəyin sərtliyini insana görə nizamlayacaq, ayaq zonasını qızdıracaq və onu lazım olan vaxtda oyadacaq. Bundan başqa, istehsalçıların sözlərinə görə, çarpayı insanı xoruldamaqdan da qurtaracaq.

Çarpayı yuxu haqqında informasiyanı toplayan hər cür sensor və tənzimləyicilərlə təchiz edilmişdir. Əgər səhərlər yuxudan ayılmaqda çətinlik çəkirsinizsə, onda “ağıllı” çarpayı, yatmaq və oyanmaq qrafikinizi təhlil edərək sizi yuxudan doyduğunuzda oyadacaq. Qurğunun satışlarına cari ilin birinci yarısında start veriləcək.

Tam qənaət

Əgər bu gün “ağıllı” ev böyük xərc tələb edən bahalı və rahat “oyuncaq”dırsa, bir neçə ildən sonra artıq hamı üçün əlçatan ehtiyac olacaq.  Nəzərə alsaq ki, yaxın 10-20 ildə kommunal xərclər əhəmiyyətli dərəcədə artacaq, bu o deməkdir ki, enerji resurslarlarından qənaətli istifadə hər kəsin vəzifəsi olacaq.

Mənzilin isidilməsi – qış mövsümündə ən əhəmiyyətli məsələdir. Lakin əgər siz gündüz evdə deyilsinizsə, mənzili boş yerə isitməyə dəyərmi? İsitmə cihazlarını işə salaraq, yalnız evdə adam olduğu təqdirdə mənzildə lazımi istiliyi təmin etmək mümkün olacaq. Və ya ev hərəkət tənzimləyicilərindən istifadə edərək özü sakinlərin mənzildə olub olmadığını müəyyənləşdirəcək.

İşdən tez qayıtmağa qərar vermisiniz və soyuq evə daxil olmaq istəmirsiniz? Smartfonu götürün və istilik sisteminin qrafikində dəyişikliklər edin. Evdən nə qədər uzaqda olsanız belə, siz istilik sistemlərinizi İnternet vasitəsilə idarə edə biləcəksiniz.

Evdə mərkəzi yeri hansı əşya tutacaq?

Hər evdə adətən mərkəzi yeri tutan elektronika və ya məişət texnikası olur: bütün ailəni ətrafına “toplayan” televizor, kompüter və ya soyuducu. Yaxın gələcəkdə isə, xüsusən “Amazon” şirkəti “Echo” danışan qurğuların proqram əsasını təqdim etdikdən sonra evlərdə mərkəzi yerlər Amazon Echo və Google Home kimi səs köməkçilərinə aid olacaq.

Builki CES sərgisi Amazon Alex əsasında hazırlanmış bir qurğu ilə hər kəsi sevindirdi. Səkkiz mikrofonla təchiz edilmiş “ağıllı” Lenovo Smart Assistant köməkçisi səsi 5 metr məsafədən tanıyır. Qurğu küçədə hava haqqında “danışacaq”, İnternetdə informasiyanı tapacaq və sizin istəyinizlə musiqini təkrar canlandıra biləcək. Əlbəttə, o, həm də “ağıllı” ev sisteminə inteqrasiya edilmək imkanına malikdir.

Bəs sonra nə baş verəcək?

2027-2037-ci illərə baş çəksək,  nə görərik? Gecə evdə yatdığınız və elə onun vasitəsilə səhər çörək almağa gedə biləcəyiniz çarpayı.

CES 2017-də Cənubi Koreyanın “Hyundai” şirkəti öz  “ağıllı” ev konseptini təqdim etdi. Onların fikirinə görə, gələcəyin evi belə çarpayılarla yanaşı, həm də avtomobil üçün xüsusi slotla təmin ediləcək. Belə ki, nəqliyyat vasitəsini qarajda saxlamaq lazım gəlməyəcək. Siz ondan düzgün təyinat üzrə istifadə etmədikdə avtomobil evinizin yaşayış sahəsinin bir hissəsi olacaq.

Avtomobil vasitəsilə evin elektrik sistemini qidalandırmaq mükün olacaq, onun salonu gecə yatmaq və ya dostlarla vaxt keçirmək üçün rahat bir yerə çevriləcək. Avtomobilin multimedia kompleksi evdə əyləncə üçün lazım olacaq, iqlim-nəzarət sistemi isə otaqda normal temperaturu təmin edəcək.

Ekspertlərin proqnozlarına görə, artıq beş il sonra ev təsərrüfatının avtomatlaşdırılması sistemləri bazarının həcmi 78 milyard dollara qədər artacaq. Bu sahənin illik artımı isə 13% təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.