İnstitutun alimlərinin AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb

09 Yanvar 2017 - 15:30 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimləri – texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika elmləri doktoru Ramiz Alıquliyevin AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb. Alimlərin AMEA-nın 2017-ci il seçkilərində “İnformatika” ixtisası üzrə müxbir üzvlüyünə namizədliyi institutun Elmi Şurasının üzvləri tərəfindən tövsiyə olunub.

Qeyd edək ki, 14 dekabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilər elan edib.

AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən, elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq, elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.