“Energysquare” sistemi smartfonu kabeldən istifadə etmədən enerji ilə doldurmağa imkan verir

06 Yanvar 2017 - 09:00 | Texnoloji yeniliklər
“Energysquare” sistemi smartfonu kabeldən istifadə etmədən enerji ilə doldurmağa imkan verir

Las-Veqasda (ABŞ) keçirilən “Consumer Electronics Show” (CES 2017) sərgisi çərçivəsində fransız startapı olan “Energysquare” eyni adlı, sahibinə kabeldən istifadə etmədən naqilsiz yükləmə texnologiyasını dəstəkləməyən smartfonları və digər mobil qurğuları yükləməyə imkan verən tətbiqini təqdim edib. 

hitech.newsru.com saytının məlumatına görə, “Energysquare” sistemi elektrik mənbəyinə qoşmaq üçün yükləmə meydançası və iki elektrodla təchiz edilmiş elastik stikerini özündə ehtiva edir. Bu stiker mobil qurğunun (USB, USB Type-C və ya Lightning) yükləmə konnektoruna qoşulur və onun arxa səthinə yapışdırılır. Qurğunun enerji yığması üçün onu “Energysquare” meydançasına yerləşdirmək kifayətdir.

İstehsalçıların sözlərinə görə, onların hazırladığı naqilsiz yükləmə texnologiyası bazarda təqdim edilmiş analoqlarından fərqlənir. Belə ki, onun əsasında elektromaqnit induksiyası deyil, elektrik keçiricilik qabiliyyəti dayanır. Bundan başqa, sistem sürətin azalması müşahidə olunmadan eyni zamanda bir neçə qurğunu yükləməyə imkan verir.

Qeyd edək ki, keçən il “Energysquare” istehsalçıları “Kickstarter” platformasında aparılan müvəffəqiyyətli kampaniya çərçivəsində yeni texnologiyanın imkanlarını nümayiş etdirən kiçik videoçarx təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.