Braziliya parlamenti İnternet haqqında qanun qəbul edib

27 Mart 2014 - 14:30 | Texnoloji yeniliklər
Braziliya parlamenti İnternet haqqında qanun qəbul edib

Braziliya parlamenti İnternet haqqında “Marco Civil bill” adlanan qanun layihəsini qəbul edib. Sənəd Federal Senata müzakirəyə göndərildikdən sonra ölkə prezidenti Dilma Rusef tərəfindən təsdiq edilməlidir. 

Məqsəd İnternet istifadəçiləri və provayderlərinin hüquqlarını qorumaq, şəbəkə neytrallığı prinsiplərini təmin etmək və açıq hökumətin inkişafına zəmin yaratmaqdır. 

www.therunet.com saytının məlumatına görə, sənəd üzərində iş 2009-cu ildən Braziliya Ədliyyə Nazirliyi və Hüquq Universiteti nəzdindəki Texnologiya və Cəmiyyət Mərkəzi tərəfindən aparılıb. 2011-ci ildə qanun layihəsi hökumət və prezident tərəfindən təsdiq edilsə də, Milli Konqres son nəticədə onu qəbul etməyib. Sənədin məzmunu ilə bağlı mübahisələr iki ildən artıq davam edib. 

ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden İnternet istifadəçilərinin Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənməsi ilə bağlı açıqlamalar verdikdən sonra prezident Dilma Rusef qanunu Braziliya hökuməti üçün prioritet elan etmişdi. Prezident hökuməti qanunu tezliklə qəbul etməyə çağırsa da, proses yenidən yarım ildən çox yubadılmışdı. 

Bu, qismən onunla əlaqədar idi ki, prezident təkid edirdi ki, qanun xarici şirkətlər qarşısına Braziliya abunəçilərinin bütün məlumatlarının ölkə ərazisində fəaliyyət göstərən serverlərdə saxlanmasına öhdəlik qoysun. İnternet sənayesi bu təşəbbüsə qarşı kəskin etirazını bildirdiyindən hökumət ondan imtina etməli olmuşdu.