Optik disklərin həcminin milyon dəfə artırılması üsulu tapılıb

05 Yanvar 2017 - 12:39 | Texnoloji yeniliklər
Optik disklərin həcminin milyon dəfə artırılması üsulu tapılıb

Kazan Federal Universitetinin alimləri Harvard Universiteti və Londonun İmperial Kollecindən olan alimlərlə birgə optik qeyd və informasiyanın saxlanılması sıxlığı göstəricisini mövcud texnologiyalarla müqayisədə milyon dəfə artırmağa imkan verəcək yeni texnologiya hazırlayıblar.

“Bizim hazırladığımız texnologiyada lazer işığının fokuslanması müəyyən radial və azimutal polyarlaşma ilə lazer işığı vasitəsilə işıqlandırılan optik nanoantennlərin köməyi ilə istehsal edilir” – Kazan Federal Universitetindən olan qrupun rəhbəri Sergey Xarinsev belə deyib.

dailytechinfo.org saytının məlumatına görə, işığın azimutal və radial polyarlaşması arasındakı dəyişmə informasiyanın oxunmasına imkan verir.

Alimlər kvadrat desimetrə 1 petabayt informasiyasının saxlanılması sıxlığını təmin edəcək orqanik “səyyar” məlumat daşıyıcısının nümunəsinin yaradılması üzərində işləyirlər.

Hazırda dünyada mövcud olan səyyar yazı texnologiyası kvadrat desimetrə 100 terabayt informasiyanın saxlanılması sıxlığını əldə etməyə imkan verir ki, bu da ən tutumlu sərt disklərin analoji göstəricilərindən 38 dəfə yüksəkdir. Gələcəkdə sıxlığın kvadrat desimetrdə 1 petabayta qədər artırılması standart DVD-disklərdən milyon dəfə yüksək məlumat sıxlığı əldə etməyə imkan verəcək.

Qeyd edək ki, bu kimi optik sistemlərin data-mərkəzlərdə böyük həcmli informasiyanın saxlanılması zamanı istifadə olunması nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.