Dünyada ən kiçik radio hazırlanıb

21 Dekabr 2016 - 09:00 | Maraqlı məlumatlar
Dünyada ən kiçik radio hazırlanıb

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mütəxəssisləri dünyanın ən kiçik ölçülü radiosunu hazırlayıblar. Onlar iki atom ölçüsündə olan çəhrayı almaz kristallarındakı qüsurlardan istifadə edərək belə miniatür radio yığmağa nail olublar. Radio beş əsas komponentdən ibarətdir: enerji mənbəyi, qəbuledici, çevirici, tüner və dinamik. Qəbuledici yaxınlıqdakı elektromaqnit siqnallarını qəbul edir, bundan sonra sonuncular çeviricidən keçərək elektrik cərəyanına çevrilir.

4pda.ru saytının məlumatına görə, dünyanın ən kiçik radiosu almaz kristallarında aşkar edilmiş nasazlıqlar sayəsində yaradılıb. Bu kristalların ətrafındakı maqnit müxtəlif stansiyaların tezliyinin sazlanması üçün istifadə olunur.

Sınaqlar zamanı sözügedən radionun 350 selsi dərəcə temperaturda musiqi səsləndirmək qabiliyyətinə malik olduğu müəyyən olunub.

“Bu radio kosmosda, hətta insanın bədənində işləyə bilər” – layihənin aparıcı mühəndisi Marko Lonkar deyib.

Qeyd edək ki, gələcəkdə bu qurğunun bir çox sahələrdə tətbiqi nəzərdə tutulub. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.