“Qualcomm Datacenter Technologies” şirkəti dünyada ilk 10 nanometrlik server prosessorunu təqdim edib. “Qualcomm Centriq 2400” seriyasının çipsetlərində “FinFET” texnologiyası üzrə 10 nm-lik texnoloji prosesin tətbiqi ilə yaradılmış 48 xüsusi “ARMv8” nüvəsindən istifadə olunub. Bu, məlumatların işlənməsi mərkəzlərində ən geniş yayılmış məsələlərin optimal həlli üçün yüksək məhsuldarlığı və enerji səmərəliyini təmin edir.
4pda.ru saytının məlumatına görə, Centriq 2400 seriyasının prosessorları məhsuldar, enerji səmərəli “ARM” serverlər konsepsiyasını reallaşdırmağa imkan verəcək. Ən yeni smartfonlar üçün aşağı enerji sərfiyyatında yüksək məhsuldarlığı təmin edən qabaqcıl inteqral sxem texnologiyaları “Qualcomm” şirkətinin diqqət mərkəzindədir: "Biz mobil qurğular üçün ilk 10 nm-lik prosessor istehsal etmişik və “ARM” prosessorları və birkristallı sistemlərin planlaşdırılmasında öz təcrübəmizdən istifadə edərək indi “Qualcomm Centriq” server prosessorlar xətti ilə məlumatların işlənməsi mərkəzləri üçün ən qabaqcıl həlləri təqdim etməyi planlaşdırırıq", – deyə “Qualcomm Datacenter Technologies”in baş meneceri və baş vitse-prezidenti Anand Çandrasekxer bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.