Böyük Britaniyanın Kembric Universitetində göz əməliyyatlarının keçirilməsinə kömək edəcək kiçik robot-cərrah hazırlanıb. Robotun 2 manipulyatorun köməyilə hərəkətə gətirilən incə “barmaqlarının” diametri cəmi 1,8 mm təşkil edir ki, bu da bəzi əməliyyatları yerinə yetirmək üçün kifayətdir.
nanonewsnet.ru saytının məlumatına görə, “Axsis” botu xüsusi olaraq cərrah dəqiqliyini təmin etmək üçün hazırlanıb. Belə ki, insanın barmaqları onun “barmaqları” ilə müqayisədə olduqca qalındır. Artıq cərrahın barmaqları əməliyyat zamanı kontrollerin düymələrini sıxmaq və ekran vasitəsilə prosesə rəhbərlik etmək üçün lazım olacaq.
Robot insanı mürəkkəb məsələlərin icrası zamanı səhvə yol verməkdən qoruyaraq onun hərəkətlərini öncədən təxmin etmək üçün hazırlanmış mürəkkəb proqram təminatı ilə idarə olunur. Onun “barmaqları” xüsusi polietilen sapdan hazırlanmış ultranazik vətərlər sayəsində olduqca elastikdir, xüsusiyyətləri və möhkəmliyinə görə isə poladdan fərqlənmir.
Qurğunun daha bir üstünlüyü idarə blokunun da özü kimi kiçik ölçülü olmasıdır. Yığcam avtomatlaşdırılmış köməkçi böyük və bahalı olmadığından qurğunu nəhəng robotların yerləşdirilməsi üçün sahəsi olmayan kiçik xəstəxanalar da əldə edə biləcəklər.
Hazırda robotun sınaqdan keçirilməsi və təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bir neçə ildən sonra “Axsis” və ya onun sələflərinin adi xəstəxanalarda da “işləyəcəyi” güman edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.