Selfi çəkərkən baş verən ölüm hallarının sayı artıb

02 Dekabr 2016 - 11:10 | Maraqlı məlumatlar
Selfi çəkərkən baş verən ölüm hallarının sayı artıb

ABŞ-ın Karneqi Mellon Universiteti, Hindistan Milli Texnologiyalar İnstitutu və İndraprasthi İnformasiya Texnologiyaları İnstitutunun alimləri selfi çəkilişi zamanı baş verən ölüm hallarının sayını açıqlayıb və onların səbəblərini təhlil ediblər.

Belə ki, selfi çəkilişi ilə bilavasitə bağlı olan ölüm hadisələri haqqında xəbərlərin qlobal axtarışı aparılıb. Analizin etibarlığının artırılması üçün yalnız “Alexa”nın (burada veb-saytlara edilən müraciətlərin statistikası toplanır) dünya reytinqində ilk 5 minliyə və ya konkret ölkə üçün ilk minliyə daxil olan veb-saytlar nəzərdən keçirilib.

Tədqiqat nəticəsində 2014-cü ilin mart ayından etibarən, selfi çəkilişi zamanı 127 ölüm hadisəsi (2014-cü ildə 15, 2015-ci ildə 39, 2016-cı ilin ilk 8 ayı ərzində 73 hadisə) qeydə alınıb. Bunlardan 76-sı təkcə Hindistanın payına düşüb. Növbəti üçlükdə Pakistan, ABŞ və Rusiya yer alıb. Əksər hallarda 20-24 yaş arası və daha gənc insanlar həlak olub.

nplus1.ru saytının məlumatına görə, hündürlükdən düşmə, suda batma, qatarın altına düşmə, silahla ehtiyatsız davranış, yol nəqliyyat hadisələri, elektrik cərəyanı ilə zərbə və heyvanların hücumu selfi çəkərkən baş verən ölüm hallarının əsas səbəbləridir.

Qeyd edək ki, tədqiqatçılar bu kimi faktların qarşısının alınması məqsədilə selfi həvəskarlarına çəkiliş zamanı edilən risk haqqında xəbərdarlıq edən proqram hazırlamağı planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.