“Bakutel 2016” sərgisi öz işinə başlayıb

29 Noyabr 2016 - 16:00 | Mühüm hadisələr
“Bakutel 2016” sərgisi öz işinə başlayıb

Bu il sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya gətirəcək

Bu gün Bakı  Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" - "Bakutel 2016" Sərgi-Konfransı öz işinə başlayıb. "Bakutel" sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya sahəsinin aparıcı iştirakçılarını bir araya toplayır.

Builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti birləşdirir. Tədbir iştirakçılarının 40 faizini "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır.

Bu il Bakıda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın "Vivaction", Rusiyanın "Balt-Energo" şirkətləri, Belarusun "Beltelecom" kimi dövlət strukturları, Xorvatiyanın "Banksoft", "Secom", "Span", Amerikanın "DELL EMC", Ukraynanın "MUK", Çinin "FEC" və "BBT Telecom" şirkətləri, eləcə də "CBC sport TV", "GSS" və digər yerli şirkətlər var.

Bu il dünyanın 9 ölkəsi - Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.

Dörd gün davam edəcək sərgi rabitə, telekommunikasiya, peyk rabitəsi texnologiyaları, informasiya və ofis texnologiyaları, 4G-5G mobil şəbəkə və "bulud" texnologiyaları sahəsində xidmətlər, "elektron hökumət", informasiya təhlükəsizliyi, kosmik texnologiyalar seqmentlərini əhatə edəcək.

ictnews.az