Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiya-kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.
Plenar iclası giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xalıq Yahudov ölkəmizdə İKT-nin mövcud vəziyyəti və ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişafı ilə əlaqədar sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilmişdir.
Azərbaycan Texniki Universitetinin İKT sahəsindəki fəaliyyətindən söz açan rektor əvəzi qeyd edib ki, bu sahədə peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan universitet İKT istiqamətində yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdur.
Daha sonra Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun “Azərbaycanda İKT infrastrukturunun inkişaf meylləri” mövzusunda məruzəsi dinlənilib.
Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, AzTU-nun Çoxkanallı telekommunikasiya sistemləri kafedrasının müdiri Mehman Həsənov, Türkiyənin MilSOFT şirkətinin təmsilçisi Tolqa Çelik və digər çıxış edən natiqlər İKT sahəsində əldə olunan nailiyyətlərdən söz açıblar.
Qeyd edək ki, noyabrın 25-ə kimi 6 bölmə üzrə davam edəcək konfransın keçirilməsində məqsəd İKT-nin inkişaf ənənələri və perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.