Ölkələr arasında inteqrasiya proseslərinin tədqiqi üçün qərarların qəbulunu dəstəkləyən sistemlərin tətbiqi zəruridir

24 Noyabr 2016 - 09:52 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin elektron dövlət mühitində dövlətlərarası inteqrasiya proseslərinin qiymətləndirilməsinin elmi-nəzəri problemlərinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova müasir dövrdə ölkələr arasında müxtəlif sferalarda inteqrasiya proseslərinin kontekstdən asılı olaraq iqtisadi, siyasi və sosial inteqrasiya olmaqla həyata keçirildiyini bildirdi. O, qloballaşma şəraitində elektron dövlət mühitində ölkələr arasında inteqrasiya proseslərinin tədqiqi, inteqrasiya indikatorlarının aşkarlanması, e-dövlət kontekstində ölkələrin inteqrasiya dərəcələrinin təyin olunması sahəsində araşdırmaların vüsət aldığını qeyd etdi.

Ölkələrarası inteqrasiyasının məqsədi barədə danışan məruzəçi bildirdi ki, regional və beynəlxalq miqyasda fəaliyyətin effektivliyinin təmin olunması nəticəsində əməkdaşlıq forma və metodlarının axtarışı və genişləndirilməsi ölkələrin inteqrasiyasının əsas məqsədidir.

İnteqrasiya proseslərinin tədqiqi məqsədilə müxtəlif indikatorlardan istifadə olunduğunu söyləyən G.Nəbibəyova bu sahədə bir neçə metod və yanaşmanın tətbiq olunduğunu vurğuladı. Onun sözlərinə görə, təklif edilən yanaşmalara əsasən, inteqrasiya prosesləri və inteqrasiya dərəcəsinin müəyyənləşdirilməsi üçün işlənilmiş sistemlər idxal-ixrac əməliyyatlarının sayının qiymətləndirilməsi, əmtəə dövriyyəsi, xarici investisiyalar və digər iqtisadi göstəricilərə əsaslanan metod və hesablamalardan istifadə edir.

O, həmçinin elektron dövlət mühitdə ölkələrarası inteqrasiyası üçün onların yuxarı səviyyəli domenləri arasında mübadilə edən informasiyanın həcmi, dövlət orqanlarının əməkdaşlarının beynəlxalq görüşləri, dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr kimi indikatorlardan istifadə olunduğunu diqqətə çatdırdı, ölkələr arasında inteqrasiya proseslərinin tədqiqi üçün (OLAP və verilənlər anbarı istifadə etməklə) qərarların qəbulunu dəstəkləyən sistemlərin tətbiqinin zəruriliyini vurğuladı.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.