Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb

17 Mart 2014 - 11:00 | Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb

2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur. 

Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq qərara alıram: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2014-cü il. 

president.az