XƏBƏRLƏR

10216

“Plagiatçılıq və onunla mübarizə” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi

20 Oktyabr 2016 - 15:46 | Konfranslar, İclaslar

Müasir dövrdə elmi tədqiqatlar sahəsində plagiatçılığın vüsət alması dünya elmini narahat edən qlobal problemə çevrilmişdir. İnformasiya texnologiyalarının tətbiqi ilə bu sahənin daha da dərinləşməsi, İnternet üzərindən əksər elmi ədəbiyyatların əlçatan olması, o cümlədən beynəlxalq elmi bazaların və kitabxanaların təqdim etdiyi xidmətlər elmi yaradıcılığa təkan verməklə yanaşı plagiatçılıq üçün də geniş imkanlar yaradır. Bütün bunlar plagiatçılıqla mübarizə metodlarının araşdırılması və dünyada, o cümlədən Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilməsini zəruri edir.  

20 oktyabr 2016-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Plagiatçılıq və onunla mübarizə” mövzusunda respublika elmi-praktiki seminarının məqsədi də plagiatçılığın qarşısının alınması ilə bağlı müzakirələr aparmaq və dünyada bu sahədə əldə edilmiş təcrübələri bölüşmək idi.

AMEA, AMEA İnformasiya Texnologiyaları İnstitutu və ABŞ-ın  “Turnitin” şirkətinin təşkilatçılıq etdiyi tədbirdə ölkənin ali məktəb və elmi tədqiqat müəssisələrinin məsul şəxsləri, AMEA-nın institut və təşkilatlarının alim və mütəxəssisləri, o cümlədən KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açdı. Alim plagiatçılıq və onunla mübarizə mövzusuna həsr olunmuş tədbirin əhəmiyyətindən, mövzunun aktuallığından danışdı. Bildirdi ki, bu sahədə ən maraqlı qurumlardan biri ölkədə elmi fəaliyyəti koordinasiya edən AMEA-dır. Akademiya ümumilikdə ölkənin intellektual mülkiyyətinin qorunmasına elmi dəstək göstərir və müntəzəm maarifləndirmə işləri aparır.

R.Əliquliyev Azərbaycan Respublikasının Elm haqqında Qanununda da elmi etika və əqli mülkiyyət hüququnun qorunması, plagiatçılıqla mübarizə məsələlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Plagiatçılıqla bağlı məsələnin Azərbaycan alimlərinin də diqqət mərkəzində olduğunu, bu istiqamətdə elmi tədqiqatların aparıldığını diqqətə çatdırdı.

Ölkəmizdə milli antiplagiat sisteminin yaradılması və tətbiqinin vacibliyini önə çəkən alim bu vəzifənin həyata keçirilməsində müvafiq dövlət qurumlarını, alim və mütəxəssisləri öz səylərini birləşdirməyə çağırdı.

Sonra İngiltərənin Koventri (Coventry) Universitetinin professoru Dr. Tomas Lankaster “Ali təhsildə plagiatçılıq” mövzusunda məruzə ilə çıxış etdi.  O, ali təhsil müəssisələrində plagiatçılıqla bağlı ortaya çıxan problemlər və onların həlli yollarından danışdı. Bildirdi ki, cəmiyyətin bütün sferalarında uğurların əldə edilməsi məqsədilə qısa yollar axtarmaq və qeyri-qanuni hərəkətlərə yol vermək, plagiatçılıqla məşğul olmaq geniş yayılmışdır. Belə bir mühitdə bəzi gənc alim və tədqiqatçıların öz məsuliyyətlərini dərk etməyərək elmi fəaliyyətlərini internet və digər mənbələrdən köçürməklə yerinə yetirmələri ciddi narahatlıqlar doğurur. Bu problemin əsas həll yollarından biri də ondan ibarətdir ki, hələ orta məktəbdən plagiatçılqıla bağlı maarifləndirmə işləri aparılmalı, antiplagiat sistemlərinin alət və mexanizmləri şagirdlərə aşılanmalıdır.

T.Lankaster ali təhsil müəssisələrində plagiatçılığın qarşısının alınması üçün müəllim, tələbə və tədqiqatçıların daxil olduğu elmi etika mədəniyyətinin formalaşdırılmasının zəruriliyini də önə çəkdi. 

AR Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Turnitin antiplagiat sisteminin Bakı Ali neft məktəbində tətbiqi” mövzusunda məruzəsini təqdim etdi. O, rəhbərlik etdiyi ali məktəblə “Turnitin” arasında imzalanmış, bu şirkətin təcrübəsinin öyrənilməsi və Ali Neft Məktəbində tətbiqini nəzərdə tutan əməkdaşlıq müqaviləsi haqqında məlumat verdi. Həmçinin “Turnitin” sistemi haqqında qısa statistik məlumat, sistemin əsas imkanları, tədrisdə plagiat problemi və Bakı Ali Neft Məktəbində plagiatçılığa qarşı tətbiq olunan qaydalar barədə məlumatları diqqətə çatdırdı.

Məruzəçi qeyd etdi ki, Turnitin sistemi mətnlərdə plagiatçılığı üzə çıxarmaq, eləcə də tələbələrin öz hesabatlarını, elmi işlərini dünya standartlarına uyğun şəkildə hazırlamaq, mətnlərdən sitat gətirmə və ilkin mənbələrə istinadları düzgün tərtib etmək üçün istifadə etdiyi səmərəli bir alətidir.

O, rəhbərlik etdiyi ali məktəbin dünyanın ən tanınmış təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurduğunu, ali təhsil sahəsində beynəlxalq təcrübəni araşdırdığını vurğuladı. “Hazırda Bakı Ali Neft Məktəbində “Turnitin” sistemi tətbiq olunur, plagiatçılığa yol verdiyi halda tələbələr ciddi şəkildə nəzarətə götürülür”, - deyə bildirən rektor bu sistemin tətbiqindən öncə tələbələrə onun qaydaları və işləmə mexanizminə dair treninqlərin keçirildiyini qeyd etdi.

Sonra çıxış edən Bakı Ali Neft Məktəbinin Elektron Təhsil şöbəsinin rəisi Şərif Xurşudov bu təhsil ocağında “Turnitin” sisteminin tətbiqi nəticəsində əldə edilən praktiki nailiyyətlərdən danışdı.  İstifadəçi profilinin yaradılması, sinfin (class) yaradılması, tapşırıqların (assignments) tipləri, işlərin (submit/resubmit) yüklənməsi, işlərin (OriginalityCheck) orijinallığı haqqında hesabat, resenziya yazma, işlərin (PeerMark) redaktəsi və s. barədə məlumat verdi. 

Seminarda, həmçinin İngiltərənin “Turnitin” şirkətinin mütəxəssisi Katya Levçenko “Müasir antiplagiat texnologiyaları” mövzusunda məruzəsini təqdim etdi. O, Azərbaycanda bu sahə ilə bağlı elmi fəaliyyəti yüksək qiymətləndirdi və təmsil etdiyi qurumun plagiatçılıqla mübarizədə elmi dəstəyə əhəmiyyət verdiyini bildirdi. Qonaq “Turnitin” şirkətinin plagiatçılıqla mübarizə üçün nəzərdə tutulmuş proqram məhsullarının hazırlanmasında tətbiq edilən əsas prinsipləri və kompleks yanaşma üsullarını diqqətə çatdırdı, bu istiqamətdə Azərbaycan alimləri ilə əməkdaşlığa hazır olduqlarını vurğuladı.

K.Levçenko qeyd etdi ki baş ofisi Amerikada, beynəlxalq ofisi isə İngiltərədə yerləşən şirkətin əsas məhsulları “Turnitin” və “iThenticate” proqramlarıdır. “iThenticate” plagiatın aşkarlanması və qarşısının alınması sahəsində dünyada elmi qurumlar və nəşriyyatlar tərəfindən istifadə edilən ən qabaqcıl proqram təminatı hesab olunur. “Turnitin” müəllimlər üçün, şagird və tələbələrin yazılı ifadəni öyrənmə prosesini izləmə, əks əlaqə yaratma və inkişafını qiymətləndirmə kimi xidmətləri də təqdim edir. Həmçinin 60 milyard veb-səhifə və 150 milyon əsəri analiz edir. Şirkətin 140 ölkədən olan 15000 müəssisədə 26 milyondan çox istifadəçisi vardır.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.