AMEA üzrə e-mail və mobil məlumatlandırma sistemləri yaradılır

07 Mart 2014 - 14:00 | Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası üzrə korporativ e-mail və mobil (sms) məlumatlandırma sistemlərinin yaradılmasına dair işlər aparılır. 

Qeyd edək ki, “AMEA Rəyasət Heyəti Mərkəzi aparatının informasiyalaşdırılması üzrə Fəaliyyət planı”nda AMEA üzrə korporativ e-mail sisteminin yaradılması nəzərədə tutulub. 

Tapşırılmış işlərin icrasının cari vəziyyətilə bağlı AMEA Rəyasət Heyətində AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə müşavirə keçirilib. 

Tədbirdə AMEA-nın Rəyasət Heyəti Mərkəzi aparatının struktur bölmələri, elmi bölmələri, elmi müəssisə və təşkilatlarının, həmçinin məsul şəxslərin vahid unifikasiya olunmuş rəsmi e-poçt ünvanları müəyyən olunmuşdur. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov e-poçt ünvanlarının domen adlarının science.az domen adı altında yaradılacağını bildirib. Misal üçün, AMEA Fizika İnstitutunun rəhbərliyi və əməkdaşlarına veriləcək e-poçt ünvanları direktor@physics.science.az ,direktor_muavini@physics.science.az , elmi_katib@physics.science.az , qebul@physics.science.az və s. olacaq. Köhnə e-ünvanları isə mail-serverdə qurulan proqramın köməyi ilə yeni ünvana transfer olunacaq. 

AMEA üzrə mobil məlumatlandırma sisteminə gəlincə isə, R.Ələkbərov həm e-mail, həm də sms məlumatlandırma sistemi ilə bildirişlərin eyni zamanda 100 nəfərə qədər göndərilməsi, bildirişlərin avtomatik olaraq qabaqcadan müəyyən edilmiş tarixdə və vaxtda göndərilməsi, məlumatların qəbulu barədə sistemdə real rejimdə hesabat imkanları və s. haqqında məlumat verdi. 

R.Ələkbərovun sözlərinə görə, e-mail və mobil məlumatlandırma sistemləri yaxın vaxtlarda istismara veriləcək.