İnstitutun şöbə müdiri BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının iclaslarında çıxış edib

30 Sentyabr 2016 - 10:02 | Konfranslar, İclaslar
İnstitutun şöbə müdiri BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının iclaslarında çıxış edib

20-22 sentyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Almatı şəhərində BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP)  Biliklər iqtisadiyyatı və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin hədəfləri üçün dayanıqlı İKT üzrə regional seminarı və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramın (SPECA) Tematik İşçi qrupunun 8-ci sessiyası keçirilib.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Azərbaycanda informasiya cəmiyyətinin qurulması və biliklərə əsaslanan iqtisadiyyatın inkişafında təbii fəlakət risklərinin azaldılmasının idarə edilməsi məqsədilə İKT-dən istifadənin dayanıqlılığının artırılması məsələləri” adlı məruzə ilə çıxış edib.

Ə.Əliyev ölkəmizdə yeni iqtisadi inkişaf kursundan söz açaraq ictimai münasibətlərin yeni sisteminin formalaşdırılmasının cəmiyyət strukturlarında əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu söyləyib. Qeyd edib ki, bu məqsədlə ölkənin ictimai həyatının bütün sferalarının inkişafı üçün əhəmiyyətli tutuma malik 60-dan çox dövlət proqramı, strategiya və konsepsiya qəbul olunmuşdur: “Hazırda Azərbaycanda azad bazar münasibətlərinə söykənən yeni ictimai-iqtisadi sistem formalaşdırılıb. Ölkədə 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya”nın qəbul olunması ilə İKT-nin kompleks tətbiqi əsasında informasiya cəmiyyəti, biliklər iqtisadiyyatının fəaliyyəti üçün infrastruktur formalaşmağa başlayıb”.  

Onun sözlərinə görə, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (2003-cü il) tövsiyələrinə əsasən, informasiya cəmiyyətinin effektiv qurulması və inkişafı üçün təbii fəlakət risklərinin idarə edilməsinə xüsusi diqqət yetirilməsi vacib məsələlərdəndir.

“Təbii fəlakət risklərinin azaldılması üçün İKT-nin mövcud potensialından operativ və səmərəli istifadə olunmalıdır”, – deyə bildirən Ə.Əliyev ölkənin müxtəlif regionlarında İKT sahəsində infrastruktur layihələrinin reallaşdırılması zamanı təbii fəlakətlərin baş vermə ehtimalı yüksək olan ərazilərin nəzərə alınmasının zəruriliyini qeyd edib.

Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılmasının prioritetləri barədə məlumat verən məruzəçi İKT xidmətləri və rabitə, İKT-nin inkişafı imkanlarının genişləndirilməsinə yönəldilmiş etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, həmçinin ölkədə rəqəmsal yayımın və e-dövlət xidmətlərinin tətbiqi istiqamətində həyata keçirilən tədbirləri nəzərə çatdırıb.

O, İKT-dən istifadənin dayanıqlılığının artırılması məqsədilə görülən işlərdən danışaraq ölkədə kosmik sənayenin inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirildiyini, telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqinin genişləndirildiyini, milli radionun paket translyasiyası və peyk vasitəsilə televiziya proqramlarının təşkil edildiyini diqqətə çatdırıb.   

Ə.Əliyev bildirib ki, yaxın zamanda reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi regionunun ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, güclü və dayanıqlı informasiya infrastrukturunun yaradılması hesabına genişzolaqlı internetə keyfiyyətli çıxışın təmin olunması, həmçinin ölkənin qlobal informasiya fəzasına inteqrasiyasının sürətlənməsinə dəstək verəcək.

Təbii fəlakət risklərinin azaldılması məqsədilə kompüter istifadəçilərinin sayının, telefon və mobil rabitə,  internetə və genişzolaqlı şəbəkə xidmətlərinə malik olan ev təsərrüfatına düşən payın artırılmasının zəruriliyini vurğulayan məruzəçi bu məqsədlə Wi-Fi texnologiyasının sonrakı genişlənməsinin tətbiqi, CDMA stansiyalarının 4G texnologiyası ilə montajı və ölkədə universal telekommunikasiya və poçt xidmətlərinin təşkili işlərinin başa çatdırılmasının vacib məsələlərdən olduğunu söyləyib.

Ölkədə elektron hökumətin formalaşdırılması istiqamətində görüləcək işlər haqqında məlumat verən Ə.Əliyev İKT-nin dövlət orqanlarında ardıcıl və mərhələli tətbiqi ilə onlar arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsinin mümkün olduğunu bildirib. Qeyd edib ki, bu hədəflərin reallaşdırılması üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul edilmişdir.

Alim İKT-nin inkişafı və təbii fəlakət risklərinin azaldılması imkanlarının dayanıqlılığının artırılması üçün yerinə yetiriləcək işlər barədə də danışıb. Bildirib ki, bu məqsədlə cəmiyyətin İKT xidmətlərinə artan ehtiyacını təmin etmək, bütovlükdə real iqtisadiyyat sektorlarında və cəmiyyətdə İKT-dən istifadəni genişləndirmək, İKT sahəsində ixracat istiqamətinin rəqabətədavamlı, innovativ iqtisadi potensialını gücləndirmək, elektron xidmətlərin əhatə dairəsini genişləndirmək və onların tamamilə avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində təqdim olunmasını təmin etmək nəzərdə tutulur. Qeyd edib ki, əhalinin müxtəlif qrupları arasında İKT-dən istifadə fərqini aradan qaldırmaq, müxtəlif sferalarda geniş istifadə üçün nəzərdə tutulmuş elektron resursları inkişaf etdirmək, informasiya təhlükəsizliyi üzrə ümummilli hazırlıq və maariflənmə səviyyəsini yüksəltmək kimi tədbirlər də bu istiqamətdə həyata keçiriləcək işlər sırasındadır.

Onun sözlərinə görə, ölkənin Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən təbii fəlakət risklərinin azaldılması məqsədilə konkret tədbirlər həyata keçirilir, Azərbaycan Milli Elmlər Akademiyasında isə bu işlərə elmi dəstək verilir.

“AMEA İnformasiya Texnologiyaları İnstitutunda İKT-nin dayanıqlılığının artırılması və müxtəlif vəziyyətlərdə təbii fəlakət risklərinin azaldılmasının elmi əsasları tədqiq olunur və bu məqsədlə alqoritmlər, Coğrafi İnformasiya Sistemi, proqram təminatı işlənilir, müvafiq orqanlar və şəxslər üçün tövsiyələr hazırlanır”, – deyə bildirən məruzəçi İKT vasitələrindən istifadənin dayanıqlılığının artırılması yolu ilə əhalinin məlumatlandırılmasının effektiv sisteminin hazırlanması, e-dövlət xidmətlərinin müxtəlif məlumat bazalarında daimi istismarının etibarlılığı və dayanıqlılığının artırılması üçün metodologiyanın hazırlanması, ekstremal vəziyyətlərdə yeni bulud texnologiyasının tətbiqi yolu ilə informasiya təhlükəsizliyinin artırılması üçün metod və vasitələrin hazırlanması, naqilsiz və sensor şəbəkələrdən istifadənin təsirliliyinin artırılması metodlarının hazırlanması istiqamətlərində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin bu sahənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Bununla yanaşı, obrazların tanınması, “call-center”lər, qərarların qəbulu və təbii fəlakətlər istiqamətində böyük məlumat bazaları üzrə müxtəlif intellektual-texniki informasiya sistemlərinin işlənilməsi, müxtəlif mənbələrdən informasiyanın hərtərəfli toplanması üçün “vətəndaş elmi”nin yeni texnologiyasının hazırlanması, daşqın zamanı su resurslarının nizama salınması üçün metod və alqoritmlərin işlənilməsi, təbii fəlakət nəticəsində iqtisadiyyata dəymiş zərərin və insan itkisinin müəyyən olunması üçün kompüter metodlarının hazırlanması da bu problemlərin həlli baxımından zəruridir.

Sonda Ə.Əliyev qeyd edib ki, Azərbaycanda 2016-cı ildə “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi təbii fəlakət risklərinin azaldılması üzrə göstərilən sahələrdə elmi-tədqiqat işlərinin inkişafına təkan verir. Gələcəkdə SPECA-nın Tematik İşçi qrupunun 8-ci sessiyasının materialları və bu sahədə tövsiyələrindən istifadə etməklə, tədqiqatların daha da dərinləşdirilməsi planlaşdırılır.

Ə.Əliyev tədbir çərçivəsində SPECA-nın Tematik İşçi qrupunun 8-ci sessiyasında çıxış edərək ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, İKT-nin müxtəlif sahələrdə tətbiqi, o cümlədən elm və iqtisadiyyatın inteqrasiyasına dair görülən işləri sessiya iştirakçılarının diqqətinə çatdırıb, bu sahədə mövcud qanunvericilik bazasından söz açıb. Bildirib ki, ölkə Prezidenti tərəfindən bu yaxınlarda qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” bu  sahənin inkişafında xüsusi rola malikdir.

Tədbirdə, həmçinin Qazaxıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Arslan Dandıbayev, Asiya və Sakit Okean Ölkələrinin İqtisadi və Sosial Komissiyasının Şimali və Mərkəzi Asiya üzrə subregional bölməsinin rəhbəri Tisiana Bonapaçe, Biliklərə Əsaslanan İqtisadiyyatın Tematik İşçi qrupunun katibi Kristofer Atey, Qazaxıstanın Fövqəladə Hallar və Təbii Fəlakətlər Mərkəzinin direktoru Valeriy Petrov və digərləri çıxış ediblər.

Tədbirin yekununda dayanıqlı inkişaf və informasiya cəmiyyəti problemlərinin müzakirəsinə dair keçirilmiş görüşdə Tematik İşçi qrupu BMT-nin iki komissiyasına növbəti sessiyada müzakirə və təsdiq üçün layihənin təqdim olunmasına dair müraciət ünvanlayıb. Tematik İşçi qrupunun proqramının biliklərə əsaslanan iqtisadiyyatın inkişafında mühüm nəticələrin əldə olunmasına şərait yaratdığı, o cümlədən bütün əlaqədar ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd olunub. Növbəti sessiyanın 2017-ci ildə keçirilməsi qərara alınıb.  

Qeyd edək ki, tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndəsi Gitanjali Sah, Qazaxıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İnformasiya Texnologiyaları Universiteti, Qırğızıstanın Tətbiqi Geoelmlər üzrə Mərkəzi-Asiya İnstitutunun nümayəndəsi Karabek Uzakbaev, o cümlədən Moskvanın Fizika və Texnologiya İnstitutu və Moskva Kommunikasiya və İnformatika Texniki Universitetinin nümayəndəsi Viliyam Sarian ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında təşkilatlararası elmi əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində danışıqlar aparılıb.  

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.