AMEA-nın www.science.gov.az rəsmi portalının yeni versiyası hazırlanır

06 Mart 2014 - 16:00 | Mühüm hadisələr
AMEA-nın www.science.gov.az rəsmi portalının yeni versiyası hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının www.science.gov.az rəsmi veb-portalının yeni versiyası hazırlanır. 1995-ci ildə fəaliyyətə başlamış və Azərbaycanda ilk veb-sayt olan www.science.gov.az-ın müasir veb-standartlara uyğun versiyasının hazırlanması istiqamətində işlər görülür. 

Layihə çərçivəsində portalın innovasiya texnologiyaları əsasında yeni inkişaf konsepsiyası və strukturu işlənilib. Portalın yeni dizaynının, proqram təminatının işlənilməsi, kontenti üzrə formaların, statik informasiyasının yeniləndirilməsi üzrə işlər artıq başa çatmaq üzrədir.

www.science.gov.az-ın yeni versiyasında innovativ texnologiyaların tətbiqi ilə yanaşı, AMEA qurumları və əməkdaşları haqqında informasiya təminatının da yeniləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Portalda AMEA-nın qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlərin onlayn-yayımını həyata keçirən ElmTV də fəaliyyət göstərəcək. www.science.gov.az-ın yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, ölkənin elmi ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən portala 2013-cü ildə 1 milyona yaxın müraciət qeydə alınmışdır. 

www.science.gov.az AMEA-nın institut və təşkilatlarında çalışan alim və mütəxəssislərin hər birinin öz elmi fəaliyyətləri və nəticələrini dünyanın intellektual fəzasında tanıtmasına geniş imkanlar yaradır. Portal AMEA Rəyasət Heyəti Mərkəzi aparatının, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyətini, AMEA-nın həqiqi və müxbir üzvlərinin, elmi müəssisə və digər təşkilatlarında çalışan elmlər doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətlərini, elmi nailiyyətlərini, elmi-pedaqoji fəaliyyətlərini, əsas elmi əsərlərinin adlarını üç dildə (azərbaycan, rus və ingilis) dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik olan informasiya sistemidir.